Dünya Bankı Azərbaycana 80 mln. dollar kredit ayırıb
27 Aprel 2011 Çərşənbə 12:16
Kredit ölkədə Su istifadəçiləri assosiasiyalarının inkişafı Layihəsinə sərf olunacaq
Dünya Bankı Azərbaycanda Su istifadəçiləri assosiasiyalarının inkişafı Layihəsinin həyata keçirilməsi üçün 80 mln. ABŞ dolları həcmində kreditin ayırmasını təsdiqləyib
Dünya Bankının Bakı ofisindən verilən məlumata görə, kreditin 76,8 mln. dolları Beynəlxalq İnkişaf Assosiasiyası (IDA – Dünya Bankı qrupunun üzvü), 3,2 mln. dolları isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD - Dünya Bankı qrupunun üzvü) tərəfindən ayrılacaq.
Ümumilikdə layihənin dəyəri 114,3 mln. dollardır ki, qalan 34,3 mln. dolları Azərbaycan hökumətinin iştirak payıdır. Layihənin əsas məqsədi ölkədə irriqasiya sisteminin idarə edilməsinin təkmilləşdirilməsidir.
Layihə Azərbaycanda 379 su istifadəçiləri assosiasiyası, 760 min kiçik fermer təsərrüfatları yerləşən təxminən 900 min hektar ərazini əhatə edəcək. Müxtəlif treninq və idarəetmə ilə bağlı məsələlərdən başqa layihə çərçivəsində uzunluğu 3 min km olan drenaj və irriqasiya kanallarının yenidən qurulması nəzərdə tutulur.
Qeyd edək ki, 1992-ci ildən bu günə kimi Dünya Bankı Azərbaycana 43 layihə üzrə təxminən 2,9 mlrd. dollar həcmində vəsait ayırıb.
DOSTLARINLA PAYLAŞ: