Dünya Bankı: 2025-ci ildə ABŞ dollarının monopoliyası başa çatacaq
18 May 2011 Çərşənbə 10:44
ABŞ dolları 2025-ci ilədək çoxvalyutalı olacaq qlobal maliyyə sistemində monopoliyasını itirəcək.
“APA-Economics”in xəbərinə görə, bu barədə Dünya Bankının (DB) “Qlobal inkişafın üfüqləri 2011 - Çoxqütblü dünya: Qlobal iqtisadiyyat” adlı məruzəsində bildirilir.

Məruzənin aparıcı müəllifi, inkişaf etməkdə olan bazarların istiqaməti üzrə koordinator Mənsur Dailami bildirib ki, çoxvalyutalı sistemin mərkəzində ABŞ dolları, avro və Çin yuanı duracaq: “Yaxın on il ərzində biz Çin iqtisadiyyatının inkişafı nəticəsində dünya maliyyə sistemində yuanın təsirinin artmasının, qlobal bazarda isə Çinin nəhəng bank və korporasiyalarının iştirakının şahidi olacağıq. Bu zaman inkişaf etməkdə olan ölkələrin əksəriyyəti, xüsusən kasıb ölkələr öz xarici ticarət əməliyyatlarında əcnəbi valyutalardan istifadə etməkdə davam edəcəklər”.

DB mütəxəssisləri qeyd edirlər ki, 2025-ci ilədək 6 ölkə - Braziliya, Rusiya, Hindistan, Çin, İndoneziya və Cənubi Koreya qlobal ÜDM-in yarıdan çoxunu təmin edəcək. Bu ölkələrin xarici maliyyə axınları kasıb iqtisadiyyatların inkişaf etməsinə səbəb olacaq.

Bankın proqnozuna əsasən, inkişaf etməkdə olan bütün iqtisadiyyatların artımı 2011-2025-ci illərdə illik 4,7% olacaq. Yaponiya, Böyük Britaniya və ABŞ-ın liderlik edəcəyi inkişaf etmiş ölkələrdə isə bu göstərici 2,3% təşkil edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar