DSMF-in gəlirləri 11 faiz artıb
29 Oktyabr 2010 Cümə 17:45
DSMF 9 ay ərzindəki xərcləri də çoxalıb.
Dövlət Sosial Müdafiə Fondunun bu ilin yanvar-sentyabr aylarında gəlirləri 1275,1 milyon manat təşkil edib. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 127,9 milyon manat və ya 11,1 faiz çoxdur. DSMF-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar keçən ilin müvafiq dövrünə nisbətən 3,7 faiz və ya 27,7 milyon manat artaraq 776,7 milyon manat təşkil edib. Hesabat dövründə büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları 317,4 milyon manat olub.

2010-cu ilin yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,1 faizi və ya 459,3 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşür. Həmin təşkilatların ödədikləri sosial sığorta haqlarının məbləği keçən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz və ya 33,5 milyon manat çoxdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər sosial sığorta haqlarının məbləği keçən ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artaraq 18,2 milyon manat təşkil edib. Torpaq pay mülkiyyətçilərinin sosial sığorta haqları üzrə ödənişlərində artım 46,5 faiz olub.

2010-cu ilin yanvar-sentyabr aylarında Fondun xərcləri 1267,2 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 57,8 milyon. manat və ya 4,8 faiz çoxdur. Bu vəsaitin 1226,8 milyon manatı pensiya və müvinətlərə yönəldilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 57,2 milyon manat və ya 4,9 faiz çoxdur. Əhaliyə ödənişlər üzrə xərclərin 97,2 faizini və ya 1192,4 milyon manatını pensiya xərcləri təşkil edib.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi layihəsi növbəti il üçün ölkənin iqtisadi və sosial inkişafı proqnozlarının, demoqrafik proqnozların və sosial sahənin aidiyyəti istiqamətləri üzrə mövcud olan dövlət proqramlarında nəzərdə tutulan islahat tədbirlərinin qiymətləndirilməsi əsasında hazırlanaraq Azərbaycan Respublikası Milli Məclisində qəbul edilib. Fondun büdcəsinin gəlir və xərcləri 2011-ci ilə 1 milyard 970,5 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 213 milyon manat və ya 12,1 faiz çoxdur. Bu isə növbəti ildə də əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin diqqət mərkəzində olacağını bir daha təsdiqləyir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar