Dövlət Sosial Müdafiə Fondu ötən ilin yekunları
12 Fevral 2010 Cümə 16:15
Bu gün Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 2009-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
DSMF-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, iclası giriş sözü ilə açan Fondun sədri Səlim Müslümov bildirib ki, ötən il Azərbaycanda pensiya proqramlarının vaxtında və tam icra edilməsi mümkün olub. Ötən il DSMF-nin gəlirləri 1,6 mlrd. manat təşkil edib ki, bu da 2008-ci ilə nisbətən 14,7% çoxdur. Hesabat ilində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2008-ci ilə nisbətən 8,3% artaraq 1,037 mlrd. manat təşkil edib. Ötən il məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 56%-i qeyri-büdcə təşkilatlarının payına düşüb. Həmin təşkilatların ödədikləri məcburi dövlət sosial sığorta haqlarının məbləği keçən ilə nisbətən 1,3% artıb.

Sədrin sözlərinə görə, hesabat dövrü ərzində həm fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib və nəticədə, fiziki şəxslərdən daxilolmalar 25%, torpaq mülkiyyətçiləri üzrə isə 23% artıb.

S.Müslümov qeyd edib ki, daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Ötən il DSMF-nin xərcləri 1,675 mlrd. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün fond tərəfindən 1,618 mlrd. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilə nisbətən 20,8% çoxdur. Pensiya xərcləri 2008-ci ilə nisbətən 20,7% artaraq 1,571 mlrd. manat təşkil edib.

S.Müslümov onu da bildirib ki, 2009-cu ildə əhaliyə 46,4 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 37,7%-i hamiləliyə və doğuma görə, 31,1%-i əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 18,1%-i dəfn üçün, 13,1%-i isə digər müavinətlərin payına düşür.

Fondun sədri bildirib ki, ölkə üzrə əmək pensiyaçılarının sayı ilkin məlumatlara görə ötən il ərzində 33 294 nəfər artaraq ilin sonuna 1 308 432 nəfər təşkil edib: «Əmək pensiyalarının orta aylıq məbləği 2009-cu ilin əvvəlinə nisbətən 5 manat və ya 5,3% artaraq ilin sonuna 100,4 manat olub ki, bu da orta aylıq əməkhaqqına nisbətən 34% təşkil edir. Ölkə prezidentinin əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı sərəncamına əsasən, bütün pensiyaçıların 60%-nin pensiyasının sığorta hissəsinə 20,8% artım tətbiq olunub».

İl ərzində fərdi uçota alınanların sayı ilin əvvəlinə nisbətən 154 min nəfər artıb. Hesabat dövründə fondun 9 yerli şöbəsinin yeni inzibati binasının tikintisi başa çatdırılıb, o cümlədən 4 yerli şöbəsinin inzibati binası istifadəyə verilib.

Kollegiya iclasında həmçinin Fondun yerli orqanlarının 2009-cu ildəki fəaliyyəti ətraflı təhlil olunub. Bu il məcburi dövlət sosial sığorta haqlarının toplanılması istaqəmətində işlərin gücləndirilməsi, özəl sektorda çalışanların tam qeydiyyatı və əməkhaqlarının leqallaşdırılması ilə bağlı müvafiq qurumlarla birgə addımların atılması barədə qərar qəbul olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar