Dövlət büdcəsinə dəyişikliklər təsdiq edildi
18 İyun 2010 Cümə 14:05
Dünyada və ölkədə baş verən proseslər, eləcə də dünya bazarlarında neftin qiymətinin artması büdcəyə əlavə və dəyişikliklər etmək zərurətini yaradıb.
Komitə sədri onu da əlavə edib ki, Hesablama Palatası tərəfindən büdcə ilə bağlı rəyini də təqdim edib.
«Bu gün dünya bazarında neftin orta qiyməti faktiki 75,5 dollardır və bu, əlavə vəsaitlərin daxil olmasına şərait yaradıb. Dəyişikliklərlə büdcə kəsiri 2,3% olacaq», - deyə Z.Səmədzadə vurğulayıb.
Z.Səmədzadə cari ilin yanvar-aprel aylarının nəticələrindən də danışıb. Vergi ayırmaları üzrə daxilolmalar artıqlaması ilə yerinə yetirilib. Azərbaycan Dövlət Neft Fondunun əlavə gəlirləri isə 1,9 mlrd. manat təşkil edib. Büdcənin mədaxil hissəsinin 1,5 mlrd. manat artırılması nəzərdə tutulur. Komitə sədri onu da vurğulayıb ki, gəlirlərin belə artımı şəraitində ölkə üzün zəruri olan bir sıra xərclərin artırılmasına da zərurət yaranıb.
Komitə sədri onu da vurğulayıb ki, ayrılan vəsaitin böyük bir hissəsi müdafiə xərclərinin artırılmasına yönəldiləcək.
Daha sonra çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, layihədə Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlirlərinin 1 490 mln. manat, xərclərinin isə 1 011,3 mln. manat artırılması təklif olunur. Artımla da dövlət büdcəsinin gəlirləri 11 505 mln. manat, xərcləri isə 12 275,3 mln. manat təşkil edəcək. Gəlirlərin artımının 490 mln. manatı Vergilər Nazirliyi, 1 mlrd. manatı isə Dövlət Neft Fondundan transfertlər hesabına formalaşacaq. Bununla da Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxil olması planlaşdırılan vəsaitlərin həcmi 4 470 mln. manat olacaq. Proqnozlaşdırılan büdcə kəsirinin məbləği 478,7 mln. manat azaldılacaq.
Nazir bildirib ki, xərclərin artırılmasına bir sıra amillər əsas verir. Kür və Araz çaylarının yaratdığı sel fəlakətinin fəsadlarının aradan qaldırılması və gələcəkdə anoloji halların baş verməməsi üçün tədbirlərin maliyyələşdirilməsinə 300 mln. manat ayrılır: «Müdafiə xərclərinə 400 mln. manat əlavə ediləcək. Bu, geosiyasi vəziyyət nəzərə alınaraq ölkənin müdafiə potensialının yüksəldilməsi məqsədi daşıyır. Naxçıvanda bir sıra infrastruktur layihələrinin həyata keçirilməsinə 17 mln. manat, yol layihələrinin başa çatdırılması, Bakı şəhərində tarixi əhəmiyyətli binaların bərpası, rayonlarda su və kanaliza siyasistemlərinin yaxşılaşdırılmasına 129 mln. manat, elmə 3 mln. manat, səhiyyəyə 10 mln. manat ayrılır. Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin dotasiyası 2,7 mln. manat artırılacaq. Dövlət büdcəsinin kəsiri ÜDM-in 2,3%-ni təşkil edəcək».
Daha sonra qanun layihəsi millət vəkillərinin müzakirəsinə təqdim olunub və sonda sənəd səs çoxluğu ilə təsdiq olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar