Dollar və qızıl niyə ucuzlaşır? Mütəxəssislər “qara qızıl”ın bahalaşmasını bir neçə səbəblə izah edirlər.
Dünya bazarlarında neftin qiyməti 102 dolları ötüb. Amerika Birləşmiş Ştatlarının dolları və qızıl isə ucuzlaşıb.
Dünya birjalarında neftin qiyməti artmaqda davam edir. Belə ki, “Brent” markalı neftin qiyməti 0,2 dollar artaraq 102,36 dollara çatıb. “Light” markalı neftin bir barreli isə hazırda 86,90 dollardır.
OPEK səbətinə daxil olan xam neftin orta qiymət göstəricisi də 1.8 faiz artıb, 97 dollardan 99 dollara çatıb. Qeyd edək ki, bu göstərici iyun ayında 94 dollar olub.
Mütəxəssislər isə “qara qızıl”ın bahalaşmasını bir neçə səbəblə izah edirlər. Birinci səbəb kimi həm Avropa ölkələrində, həm də Amerikada son həftələrdə müşahidə olunan iqtisadi canlanma göstərilir.
Bundan başqa, İranın beynəlxalq sanksiyaların təsiri ilə əlaqədar ilin əvvəlindən başlayaraq neft ixracını 40 faizə qədər azaltması və Hindistan, Braziliya kimi ölkələrdə müşahidə olunan iqtisadi artım da neftin qiymətinin artmasına təsir göstərib. Ancaq mütəxəssislər neftin qiymətinin artmasının davam edəcəyini proqnozlaşdırmırlar.
Neftin bahalaşması ilə yanaşı ABŞ dolları avroya və digər valyutalara nisbətən ucuzlaşıb. Qızılın qiyməti isə 8 dollar ucuzlaşıb. Dünya bazarlarında hazırda qızılın 1 unsiyası və ya 31,1 qramı 1586 dollardır.