DəmirBank risklərin idarə edilməsi işini təkmilləşdirir
21 İyun 2011 Çərşənbə Axşamı 18:07
DəmirBank bununla bağlı yeni irimiqyaslı layihəyə başladıb.
“DəmirBank” və Beynəlxalq Maliyyə Korporasiyası arasında bu ilin mart ayında imzalanmış müqaviləyə əsasən risklərin idarə edilməsi işinin təkmilləşdirilməsi məqsədi ilə yeni iri miqyaslı layihəyə başlanılıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, layihənin ilkin mərhələsində bankda risklərin idarə edilməsi sahəsi diaqnostika edilib. Diaqnostikanın yekununda, İdarə Heyətinin və aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə təqdimat keçirilib.
Bankda kredit risklərinin idarə edilməsi sahəsində istifadə olunan parametrlərin (PD, LGD, EAD) müəyyənləşdirilməsinə dair daxili yanaşma hazırlanacaq və tətbiq ediləcək. Əməliyyat risklərinin idarə edilməsi sahəsində Əsas Risk İndikatorları təkmilləşdiriləcək, həmçinin Risk və Nəzarət özünüqiymətləndirmə (RCSA) sistemi tətbiq olunacaq. Həmçinin Basel II prinsiplərinə uyğun olaraq Daxili Kapital Adekvatlığının Qiymətləndirilməsi Prosesinə (ICAAP) dair daxili yanaşma hazırlanacaq və tətbiq olunacaq.
“DəmirBank”da son illər ərzində risklərin idarə edilməsi üzrə müxtəlif siyasət, qayda, prosedura, təlimat və metodologiyalar hazırlanıb və tətbiq edilib. Bankda kredit, bazar və əməliyyat risklərinin idarə edilməsi üzrə müxtəlif təhlillər və qabaqcıl modellər tətbiq edilir.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: