“DəmirBank”dan yeni kredit imkanları
18 Yanvar 2010 Bazar Ertəsi 12:40
“DəmirBank”dan yeni kredit imkanları. Bank ofis mebellərinin kreditləşməsinə başlayıb
“DəmirBank” ofis mebeli istehsalçısı olan “İdeal Dizayn” şirkəti ilə əməkdaşlıq edərək ofis mebellərinin kreditləşməsinə başlayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bankın ofis mebeli kreditləri sərfəli şərtləri ilə seçilir. Mebel kreditləri 3 aydan 24 ayadək müddətə illik 24 faiz dərəcəsi ilə 500 manatdan 20000 manatadək məbləğdə verilir.
Hazırda bankın Bakıda “Nərimanov” və “Xəzər” filialları ofis mebelinin kreditləşməsini həyata keçirir. Layihənin inkişafı məqsədi ilə gələcəkdə bankın digər filiallarının da layihəyə qoşulması gözlənilir.
“Müştərilərinə geniş çeşiddə bank məhsulları təqdim edən “DəmirBank” ötən ildən əhaliyə mebel dəstlərinin kreditlə alışını təqdim edir. Ofis mebelləri istehsalçı olan “İdeal Dizayn” şirkəti ilə yeni layihəyə başlayan “DəmirBank” bu dəfə şirkət və sahibkarlara ofis mebellərinin kreditlə alışını təklif edir. Bu da ofis mebellərinin kreditləşməsi sahəsində onlara yeni imkanlar yaradacaq”. Bunları bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.
“DəmirBank” müxtəlif proqramlar çərçivəsində əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada dövlət proqramı ilə ipoteka kreditləri, biznes kreditləri, avtomobil kreditləri, təmir və digər istehlak kreditləri mövcuddur.
Qeyd edək ki, ölkənin ilk banklarından olan “DəmirBank” (əvvəlki adı “Azərdəmiryolbank”) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: