“DəmirBank”dan daha bir yenilik
19 Fevral 2010 Cümə 13:20
DəmirBank müştərilərə Britaniya funt sterlinqi ilə plastik kartlar təqdim edir
“DəmirBank” müştərilərə Britaniya funt sterlinqi valyutası (GBP) ilə VISA plastik kartları təqdim etməyə başlayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu, müştərilərə Azərbaycanda və xarici ölkələrdə plastik kartla funt sterlinq valyutasında əməliyyatlar aparmağa imkan yaradır.
“Yeni valyuta ilə əməliyyatlar bankın plastik kart biznesinin inkişafı konsepsiyasına əsasən tətbiq edilib. Konsepsiyaya uyğun olaraq plastik kartlar üzrə bir sıra digər yeniliklər də gözlənilir. Bu yeniliklər kartlardan rahat istifadəyə, kartlar üzrə xidmətlərin genişlənməsinə və müştəri xidmətinin yaxşılaşmasına xidmət edəcək” – deyə bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.
“DəmirBank” hazırda plastik kartlar üzrə 38 günədək faizsiz kredit xətti, kartın individual dizayn ilə sifarişi, 15–60 dəqiqə ərzində kartın təcili sifarişi (Ekspress-Kart xidməti), bir kartdan digər karta vəsaitin dərhal köçürülməsi (Card-to-Card xidməti), əməliyyatlar haqqında SMS bildirişlərin mobil telefona alınması (SMS-Bankçılıq), Bankın saytı ilə kartla rabitə, kommunal və digər xidmətlərin / malların ödənişi və sair bu kimi imkanlar təklif edir.
“DəmirBank” plastik kart sahiblərinə ölkədə yeganə olan Telefon-Bankçılıq xidməti də göstərir: plastik kart sahibləri sadəcə 149 nömrəsini yığmaqla “DəmirBank”ın “Telefon Məlumat Xidməti” nə zəng edərək kartla rabitə (Azercell, Bakcell, Nar Mobile) və kommunal xidmətlərin (işıq, qaz, su) ödənişi həyata keçirə bilər. DəmirBank həmçinin "Xaricdə Təhsil Alanlara Pulsuz Plastik Kart” proqramını da həyata keçirir.
Qeyd edək ki, ölkənin ilk banklarından olan “DəmirBank” (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: