DəmirBank beynəlxalq mükafatla təltif edilib
13 İyul 2010 Çərşənbə Axşamı 14:55
DəmirBank “Gümüş” kateqoriyalı mükafata layiq görülüb.
DəmirBank 2010-cu ildə sosial-yönümlü fəaliyyəti üzrə Microfinance Information Exchange Market Inc. tərəfindən “Gümüş” kateqoriyalı mükafata layiq görülüb. Bu barədə ANS PRESS-ə DəmirBankdan məlumat verilib.
Mikromaliyyə sektoru üzrə məlumatlandırma provayderi olan Microfinance Information Exchange Market Inc. CGAP, Michael & Susan Dell Foundation, Ford Foundation kimi tanınmış beynəlxalq təşkilatlar tərəfindən təsis edilib. Microfinance Information Exchange Market hər il bankların və mikromaliyyə institutlarının sosial-yönümlü fəaliyyətini 22 əsas parametr üzrə qiymətləndirir.
“DəmirBank-ın fəaliyyəti, ölkənin sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdə iştirakı, geniş regional filial şəbəkəsi, sahibkarlığın kreditləşdirilməsi, əhalinin geniş təbəqəsini əhatə edən mikro-kreditləşmə proqramları, əhali və şirkətlər üçün bank xidmətlərinə və maliyyə resurslarına çıxışın genişləndirilməsi bu mükafatın verilməsinin səbəbləri sırasında qeyd edilə bilər. DəmirBank hazırda Korporativ Sosial Məsuliyyət strategiyasının hazırlanması işini də həyata keçirir” – deyə İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.
DəmirBank 15-dən çox beynəlxalq mikromaliyyə institutları ilə əməkdaşlıq edir. Bu təşkilatlar bankların sosial-yönümlü fəaliyyətinə böyük önəm verir və DəmirBank-ın bu sahədə sertifikatla təltif edilməsi böyük əhəmiyyətə malikdir.
DəmirBank Azərbaycanda ilk dəfə olaraq ötən il "Planet Rating" beynəlxalq agentliyindən sosial reytinq alıb. Sosial-yönümlü fəaliyyətinə görə DəmirBank müxtəlif nominasiyalarda Fəxri Diplomlar ilə də təltif edilib. DəmirBank, 2009-cu ilin oktyabr ayında “Regionların Sosial-İqtisadi İnkişafı” Dövlət Proqramının 5 illiyinə həsr olunmuş tədbirdə “Pul-kredit və bank xidmətləri” sahəsində, eləcə də 2010-cu ilin fevral ayında DəmirBank “Gənclərin Dostu” Milli Mükafatı çərçivəsində "Gənclərlə səmərəli iş fəaliyyəti” nominasiyası üzrə Fəxri Diplomlarla ilə təltif edilib.
Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ilin oktyabr ayında fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: