DəmirBank 15 milyon dollarlıq kredit cəlb edib
29 Mart 2011 Çərşənbə Axşamı 17:35
Bank Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə korporativ idarəetmə standartlarını təkmilləşdirir
Bu gün “DəmirBank” və Beynəlxalq Maliyyə Korporasiyası arasında Bankın Korporativ İdarəetmə təcrübələrinin təkmilləşdirməsi məqsədi ilə razılaşma imzalanıb. “DəmirBank”ın Biznesin İnkişafı və Marketinq Departamentindən ANS PRESS-ə verilən məlumata görə, bu razılaşma çərçivəsində, Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən “DəmirBank”ın korporativ idarəetmə təcrübələri qiymətləndiriləcək, onların təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün tədbirlər görüləcək.

Razılaşmaya əsasən bankın müşahidə şurasına, rəhbərliyinə və əsas səhmdarlarına məsləhət xidmətləri təqdim ediləcək və təlimlər keçiriləcək. Beynəlxalq Maliyyə Korporasiyası “DəmirBank”a sənədlərin təkmilləşdirilməsində, maliyyə hesabatlığı və məlumatın açıqlanmasının gücləndirilməsində, daxili nəzarət və daxili audit funksiyalarının yaxşılaşdırılmasında yardım edəcək.

Qeyd edək ki, bu, “DəmirBank” və Beynəlxalq Maliyyə Korporasiyası arasında imzalanan məsləhət xidmətləri barədə ikinci razılaşmadır. 2010-cu ilin may ayında Kredit portfelinin idarə edilməsi, Risklərin idarə edilməsi, Menecment İnformasiya Sistemi, İnsan Resurslarının idarə edilməsi, Daxili auditin inkişafı istiqamətlərində məsləhət xidmətlərinin göstərilməsini nəzərdə tutan razılaşma imzalanmışdır və hal-hazırda bu istiqamətlərdə intensiv işlər aparılır.

Bundan əlavə, “DəmirBank” Beynəlxalq Maliyyə Korporasiyası ilə Qlobal Ticarətin Maliyyələşməsi Proqramı, Mikro və Kiçik Sahibkarlığın maliyyələşdirilməsi və İpoteka kreditləşməsi üzrə də geniş əməkdaşlıq edir. Bu proqramlar üzrə banka ayrılan kredit xətlərinin ümumi həcmi 15 milyon ABŞ dolları təşkil edir.

Qeyd edək ki, ölkənin ilk banklarından olan “DəmirBank” (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar