2009-2013-cü illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı
15 Aprel 2009 Çərşənbə 18:50
Fərmanda deyilir ki, ötən beş il ərzində ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılıb, 547,5 min daimi yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalıb

 

Prezident İlham Əliyev, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Sənəddə deyilir ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004-2008-ci illər)”, “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nda və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb: “Ötən beş il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılıb, 547,5 min daimi yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalıb. Bu müddətdə ümumi daxili məhsulun real həcmi 2,6 dəfə, qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə artmış, iqtisadiyyatın bütün sahələrində dinamik artım müşahidə edilib, o cümlədən sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2 faiz, əhalinin gəlirləri 4 dəfə artıb. Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bu gün də dövlətin qarşısında duran əsas vəzifələrdəndir”.
Ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq məqsədi ilə dövlət başçısı qərara alır ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilsin.
Nazirlər Kabineti aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görməli, İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə Dövlət Proqramında illər üzrə nəzərdə tutulan tədbirlərin hər il üçün Dövlət İnvestisiya Proqramı tərtib edilərkən nəzərə alınmasını təmin eməli, İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə Dövlət Proqramının maliyyələşdirilməsinə investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin müvafiq qurumları və iş adamları ilə danışıqlar aparmalıdır.  
İqtisadi İnkişaf Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və onun icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar