Camal Ltd şirkəti cərimə edildi
22 İyul 2010 Cümə Axşamı 16:45
Haqsız rəqabətə yol verdiyinə görə Camal Ltd şirkətinə 4 min manat sanksiya tətbiq olunub.
Məlumat verildiyi kimi, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə dondurma istehsal edən “Camal Ltd” şirkəti barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə “Camal Ltd” şirkətinə 4 min manat maliyyə sanksiyası tətbiq edilib, üzərində saxlama müddəti normativ sənədlərdə nəzərdə tutulmuş müddətlərdən artıq göstərilmiş 193 ədəd dondurma etiketi və 431 kq bükülmə materiallarının qanunamüvafiq qaydada məhv edilməsi barədə qərar qəbul olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar