Büdcəyə ediləcək dəyişikliklər qiymətləri artıracaq?
21 Aprel 2011 Cümə Axşamı 23:16
Əli Məsimli: "Belə insanları cəzalandırmaq lazımdır ki, kasıbın 10 manatına göz dikməsinlər".
May ayında büdcəyə ediləcək dəyişikliklərdən bir çoxlarına pay düşəcək. İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, dəyişikliklərdən sonra əməkhaqlarının artımları ilə bağlı addımlar atılacaq. Belə ki, əməkhaqlarının orta hesabla 15 faiz artırılması nəzərdə tutulur: “Bu artım büdcədən maliyyələşən bütün kateqoriya insanlara şamil olacaq”.

Dəyişikliklərdən sonra pensiyaların yenidən hesablanmasına da baxılacaq. 2006-cı ildən əvvəl təqaüdə çıxanların pensiyası yenidən hesablanaraq artırılacaq. Büdcəyə dəyişiklik nəticəsində yaşa, əlilliyə, ailə başçısını itirməyə, uşağın anadan olmasına görə, müharibə veteranlarına verilən müavinətlər və digər sosial ödənişlərin artırılmasıda gözlənilir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli isə deyir ki, müəlimlər, həkimlər, elm, mədəniyyət sahəsində çalışanların da maaşlarının artırılmasına baxılacaq. Bundan başqa, elmi dərəcələrə görə edilən əlavələrin də artırılmasına ehtiyac var. Millət vəkili hesab edir ki, büdcə artımları təkcə əmək haqlara və təqaüdlərə deyil, sosial infrastruktura da yönəlməlidir. Onun sözlərinə görə, bura kənd, rayon mərkəzlərini, şəhərləri birləşdirən yolların çəkilişi də daxildir: “Bir sıra kəndləri bir-biri ilə birləşdirən əsas yolların yenidən qurulması və su ilə bağlı problemlər həllini tapacaq. Yollarla yanaşı, kəndlərdə su problemlərin həll edilməsinin sürətləndirilməsinə əlavə vəsaitlərin ayrılması da lazımdır”.

Mütəxəssislər hesab edir ki, büdcəyə ediləcək dəyişiklik ölkədə qiymət artımına da təsir edə bilər. Bəzi işbazlar maaşların artırılmasından istifadə edərək, qiymətləri süni şəkildə qaldıra bilərlər.

Millət vəkili deyir ki, təklif olunur ki, qiymət artımının obyektiv hissəsi qiymətləndirilsin: “Bu da 7,8 faizdir. Amma gözlənilir ki, inflyasiya bundan artıq olacaq. Bu da süni artım hesab olunur. Belə insanları cəzalandırmaq lazımdır ki, kasıbın 10 manatına göz dikməsin”.

Xatırladaq ki, 2011-ci ildə dövlət büdcəsində gəlirlər 12 milyard 061 milyon manat, xərclər isə 12 milyard 748 milyon manat müəyyən edilib. Neftin bahalaşması nəticəsində isə təkcə birinci rüb ərzində büdcəyə 423 milyon manat əlavə vəsait daxil olub. İl ərzində isə bu vəsaitin 1,3 milyardı keçəcəyi gözlənilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar