Bu ilin sonuna neftin qiyməti 100 dollara çatacaq
30 May 2009 Şənbə 11:20
Rusiyanın sabiq enerji naziri, Rusiya Qaz və Neft İstehsalçıları Birliyinin sədri Yuri Şafrannik payız aylarında dünya neft bazarında qiymətin 100 ABŞ dollarına çatacağını proqnozlaşdırır.
Bu barədə o, APA-nın ABŞ bürosuna eksklüziv açıqlamasında bildirib. Y.Şafrannik bunun neftə tələbatın artması ilə əlaqədar olmadığını deyib: “Biz öz proqnozumuzu neftə olan tələbat və təklifə əsasən etməmişik. Dünyada cərəyan edən ümumu iqtisadi vəziyyətlə bağlı maliyyə kapitalı yenidən neftin spekulasiya bazarına gəlməyə başlayıb. Bu, neftin qiymətini yüksəlməyə doğru aparır. Lakin Rusiyada da struktur islahatlar, effektivliyin artması və diversifikasiya aparılmasa, 2012-də neftin qiymətinin yenidən düşməsini gözləyirəm”. Cənab Şafrannik dünyada neftin qiymətinin formalaşmasında OPEK-in rolunun azaldığı, spekulyativ neft bazarının çəkisinin isə artdığını deyib. Onun sözlərinə görə, bu gün əmtəə neft bazarında real hasil olunan neftdən 1500 dəfə artıq dəyərdə spekulyativ əməliyyatlar bağlanılır. Nəticədə, spekulyativ bazar azı neftin qiymətinin 50 faizini formalaşdırır.

APA-nın “Siz 1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin Müqaviləsinin” imzalanmasında Rusiya hökumətini təmsil etmisiniz. Ehtimal var ki, yaxın illərdə qazla bağlı da “Yeni Əsrin Müqaviləsi” imzalansın. Buna inanırsınızmı” sualına cavabında Y.Şafrannik bunları deyib: “1993-cü ildə bizdə Azərbaycanı dəstəkləmək, yaxud dəstəkləməmək diskussiyaları aparılırdı. Şadam ki, o vaxt bizim nazirliyin mövqeyi üstün tutuldu. Baxmayaraq ki, bizim opponentlərimiz də vardı. Mən “Əsrin Müqaviləsi”ni imzaladığıma görə öz Xarici İşlər Nazirliyimizdən etiraz notası aldım. Bu bir nonsens idi. Mən niyə bütün bunları xırdalayıram? Rusiya həmişə Azərbaycanı dəstəkləyib. İndi də biz bir məqama diqqət yetiririk. Azərbaycan və bütün digər qonşuların əldə etdiyi razılaşmalar siyasi yox, iqtisadi cəhətdən əsaslandırılmalıdır. Neft və qaz sənayesində həmişə siyasət olub. Lakin əgər bizim bildiyimiz neft və qaz boru layihələri iqtisadi cəhətdən əsaslı olsa, Rusiya bunu xoşlasa da, xoşlamasa da ən azı onların reallaşmasına mane olmayacaq. Siyasi elementlər isə başqa cür hərəkət etməyə vadar edəcək, məsələlərə qarışan üçüncü ölkələr yalnız ziyan gətirəcək”.

Y.Şafrannik Rusiya hökumətinin mavi yanacağın qiymətinin formalaşmasında Avropa qiymətlərinə keçməsini nəzərə alaraq, Azərbaycan üçün ən yaxşı variantın öz qazını Rusiyaya satmaq olduğunu bildirib.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar