Bu il 360 müəssisə və obyekt özəlləşdirilib
31 İyul 2010 Şənbə 10:55
Əmlak Məsələləri Dövlət Komitəsi ilin birinci yarısının hesabatını verdi.
Bu ilin birinci yarısında Azərbaycanda 360 kiçik müəssisə və obyekt, o cümlədən avtonəqliyyat vasitələri özəlləşdirilib. Bunların 201-i Bakıda, 80-i isə digər şəhər və rayonlarda yerləşir. Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 6 ayda həmçinin, 260 obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.
Bu dövrdə dövlət müəssisələrinin bazasında 10-a yaxın səhmdar cəmiyyət yaradılıb. Səhmlərin satışı üzrə keçirilmiş hərraclarda 20-ə yaxın səhmdar cəmiyyətin səhmləri satılıb. İlin əvvəlindən 3 səhmdar cəmiyyətinin (“Məişət Malları”, “Biləsuvar Quşçuluq” və “Masallı Konserv”) səhmləri investisiya müsabiqəsi vasitəsi satılıb.
İlin birinci yarısında investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilmiş “Gəncə Dəyirman” və “Bakı Ağırlaşdırıcılar” ASC-lərin mülkiyyət hüququ alıcılara keçib. Komitə təsdiq edir ki, həmin alıcılar investisiya qoyuluşları üzrə öhdəliklərini yerinə yetiriblər. Beləliklə, investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə yanvar-iyun aylarında 18,9 mln. manat məbləğində sərmayə qoyulub. Nizamnamə kapitalında dövlətə məxsus səhmlərə görə 70-ə yaxın Səhmdar Cəmiyyət dövlət büdcəsinə dididendlər ödəyib.
Bu ilin birinci yarısında 41 SC-də, 3 digər SC-nin struktur bölməsi olan 28 idarə və müəssisədə, 4 birgə müəssisədə, eləcə də komitənin idarəetməsində olan 21 müəssisədə dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması vəziyyəti araşdırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: