Bu gün Davosda 42-ci Dünya İqtisadi Forumu işə başlayır
25 Yanvar 2012 Çərşənbə 10:40
Bu gün İsveçrənin Davos şəhərində 42-ci Dünya İqtisadi Forumu işə başlayacaq.
“APA-ECONOMICS”in DİF-in mətbuat xidmətinə istinadən xəbərinə görə, “Böyük transformasiya: yeni modellərin formalaşması” devizi altında keçiriləcək görüşün əsas mövzusu uzun müddət davam edən iqtisadi böhran şəraitində yeni iqtisadi modellərin axtarışı olacaq.
Yanvarın 29-dək davam edəcək forum 4 altmövzu üzrə keçiriləcək: artım və məşğulluq modelləri, liderlik və innovasiya modelləri, sabitlik və ehtiyatlar modelləri, sosial və texnoloji modellər. İqtisadi böhran şəraitində risklərin azaldılması və idarə olunması müzakirə ediləcək, “Qlobal risklər 2012” məruzəsi ayrıca müzakirə olunacaq.
Forumu Almaniya kansleri Angela Merkel açıq elan edəcək. Tədbirdə 2600 nəfərdən çox qonaq, o cümlədən Azərbaycan prezidenti də daxil olmaqla 40 ölkənin dövlət və hökumət başçıları, 1600 biznes-lider iştirak edəcək.
DİF çərçivəsində “Müasir Azərbaycan incəsənətində ənənələr” adlı sərgi təşkil olunacaq. Sərginin təşkilatçısı Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır.
Qeyd edək ki, Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan və İsrail prezidenti Şimon Peres arasında 2009-cu ildə Davosda yaşanmış “One minute” qalmaqalından sonra Türkiyə dövlət rəhbərliyi səviyyəsində bu tədbirdə iştirakdan imtina edib.
DOSTLARINLA PAYLAŞ: