BTC-nin xərcləri azaldılıb
24 Fevral 2010 Çərşənbə 10:40
Bu il üçün boru kəmərinin əsaslı xərclərinin 69 milyon dollar olacağı planlaşdırılır
Ötən il Bakı-Tiflis-Ceyhan (BTC) üzrə əsaslı xərclərə 92 milyon dollar xərclənib. 2010-cu il üçün BTC əsaslı xərclərinin 69 milyon dollar olacağı planlaşdırılır.

“bp”nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 2006-cı ildə BTC ixrac əməliyyatlarına başlanmasından bəri boru kəmərinin ötürmə gücü daim artmaqla 2008-ci ilin ortalarında gündə bir milyon barelə çatıb. 2009-cu ilin mart ayında BTC-nin gündəlik ötürmə gücünü sürtküyə qarşı reagentlərdən (SQR) istifadə etməklə 1,2 milyon barelədək artırmaq layihəsini başa çatdırıb,

2009-cu ildə BTC-də həyata keçirilmiş ən mühüm işlərdən biri dekabrın 18-də Səngəçal terminalından kəmərə vurulan və Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Ceyhana daşınan neftlə yüklənmiş 1000-ci tankerin dünya bazarlarına yola salınması oldu.

2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhanda yüklənməsindən 2010-cu il fevralın 20-dək BTC vasitəsilə nəql edilmiş 837 milyon bareldən artıq (təxminən 112 milyon ton) xam neft Ceyhanda 1065 tankerə yüklənilib və dünya bazarlarına göndərilib.

BTC vasitəsilə yalnız 2009-cu ildə 285 milyon barel və ya təqribən 38 milyon ton neft ixrac olunub.

Qeyd edək ki, hazırda BTC boru kəməri Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. BTC-nin həmçinin Qazaxıstandakı Tengiz yatağından gələn neft həcmlərini daşımaq haqqında sazişləri də var. BTC Ko.-nun səhmdarları: BP (30,1 faiz); AzBTC (25.00 faiz); Şevron (8,90 faiz); Statoyl (8,71 faiz); TPAO (6,53 faiz); ENİ (5.00 faiz); Total (5.00 faiz), İtoçu (3,40 faiz); İNPEKS (2,50 faiz), KonokoFillips (2,50 faiz) və Hess (2,36 faiz) şirkətləridir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar