BTC bir milyard barel neft daşıyıb
13 Sentyabr 2010 Bazar Ertəsi 15:30
Bir milyardıncı barel neft yüklənmiş “Nippon Prinses” Ceyhandan bu gün Rotterdama yola düşüb.
Bu gün Bakı-Tiflis-Ceyhan boru kəməri ilə bir milyard barel Xəzər nefti tam təhlükəsiz şəkildə dünya bazarlarına ixrac edilib. BTC-nin əməliyyatçısı olan “BP-Azərbaycan” şirkətindən ANS PRESS-ə verilən məlumata görə, bir milyardıncı barel sentyabr ayının əvvəllərində Səngəçal terminalından BTC-yə vurularaq Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə bu yaxınlarda Ceyhan terminalına çatıb və orada da 1275-ci tanker olan “Nippon Prinses”-ə yüklənib. Bir milyardıncı barel neft yüklənmiş “Nippon Prinses” Ceyhandan bu gün, sentyabr ayının 13-də Rotterdama yola düşüb.

“BP-Azərbaycan” şirkətinin prezidenti Rəşid Cavanşir deyir ki, bir milyard barel neftin BTC ilə ötürülməsi çox mühüm bir hadisədir: “Bu o deməkdir ki, 2005-ci ildə boru kəməri doldurulmağa başlandığı vaxtdan indiyədək BTC bütün gözləntiləri doğruldub – o, təhlükəsizdir, səmərəlidir və etibarlıdır. BTC nəhəng bir texniki nailiyyətdir. Kəmər həmçinin ətraf mühitin qorunması və social məsuliyyət sahəsində də ixrac sənayesi üzrə bir nümunə yaradıb”.

R. Cavanşir deyir ki, biz fəxr edirik ki, Bosfor boğazından keçən neft tankerlərinin artımını azaltmaq kimi əsas işi ilə bərabər, BTC həm də onun qonşuluğunda yaşayan insanlar üçün əsl mənfəət mənbəyi olub: “Boru kəməri boyunca 550 icmada təxminən 730,000 nəfərə yaxın insan BTC-dən bəhrələnib. Çoxsaylı iş yerləri vasitəsilə, davamlı inkişaf layihələrinə qoyulmuş on milyonlarla dollar sərmayələr və əhalinin iqtisadi inkişafı üçün yaradılmış imkanlar vasitəsilə. Bu əlamətdar nailiyyətə gətirən yolda bizə kömək etmiş bütün tərəflərə və şəxslərə minnətdarlığımı bildirirəm. Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinə, BTC-nin səhmdarlarına, qonşularımıza, BTC-nin əməkdaşlarına, boru kəmərinin Türkiyə hissəsinin və Ceyhan terminalının əməliyyatçısı olan Botaş İnternəşnal Limited (BIL) şirkətinə minnətdarıq”.

Qeyd edək ki, BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. BTC boru kəməri ilə dünya bazarlarına nəql edilən xam neft əsasən Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqlarından gəlir. 2010-cu ilin iyul ayında yeni nəql sazişi imzalandıqdan sonra BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. BTC-nin həmçinin Qazaxıstandakı Tengiz yatağından neft həcmlərini daşımaq haqqında sazişləri də var.

Hazırda BTC ilə gündəlik təxminən 850 000 barel neft ixrac edilir. Bu günədək kəmər vasitəsilə ən yüksək gündəlik ixrac göstəricisi 2010-cu il iyul ayının 21-də olub - 1,06 milyon barel. 2010-cu il ərzində BTC vasitəsilə ümumilikdə təqribən 25,8 milyon ton və ya 191 milyon barel neft ixrac olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar