BP-nin yeni prezidenti Robert Dadli Azərbaycana gəlib
06 Oktyabr 2010 Çərşənbə 09:50
BP Qrupunun yeni prezidenti Robert Dadli şirkətin keçmiş prezidenti Toni Heyvordla birlikdə Azərbaycana iki günlük işgüzar səfərə gəlib.
Bu səfər BP Qrupu baş icraçı şəxslərinin işləri bir-birinə təhvilvermə prosesinin bir hissəsi kimi həyata keçirilir.
«BP-Azerbaijan» şirkətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, R.Dadlinin səfər proqramına «BP-Azerbaijan»ın rəhbərliyi və işçi heyəti ilə bir sıra görüşlər, həmçinin Səngəçal terminalına səfər daxildir.
Həmçinin, BP Qrupunun yeni prezidenti Azərbaycan prezidenti İlham Əliyevə təqdim olunacaq və ona BP-nin Azərbaycanda əməliyyatçısı olduğu layihələr üzrə işlərin cari vəziyyəti və planlar barədə məlumat veriləcək. R.Dadli həmçinin Azərbaycanın ən iri neft və qaz hasilatı və nəqli layihələrinin əməliyyatçısı kimi BP şirkətinin davamlı olaraq öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsini vurğulayaraq BP-nin Azərbaycanla əməkdaşlığının daha da gücləndirilməsi və genişləndirilməsi niyyətinin uzunmüddətli olduğunu bir daha bildirəcək.
Bununla yanaşı, R.Dadli həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşərək gələcək əməkdaşlıq planlarını müzakirə edəcək.
Xatırladaq ki, R.Dadli BP Qrupunun yeni prezidenti kimi öz vəzifəsinin icrasına bu il oktyabr ayının 1-dən başlayıb. APA
DOSTLARINLA PAYLAŞ: