BP Bakıda 600 milyon dollarlıq müqavilə imzalayıb
04 May 2011 Çərşənbə 10:42
Neft şirkəti texniki xidmətlər üzrə AMEC şirkəti ilə saziş bağlayıb
Bakıda BP şirkəti Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrinin operatoru kimi mühəndis-texniki və kiçik layihələrin idarə edilməsi xidmətlərinin göstərilməsi üçün AMEC ilə müqavilə bağlayıb. BP-nin mətbuat xidmtindən ANS PRESS-ə verilən məlumata görə, sazişin dəyəri 600 milyon dollardır.
Qeyd edək ki, bu müqavilə AÇG və Şahdəniz dəniz qurğularını və AÇG, Şahdəniz, BTC və CQBK-nın Səngəçal terminalındakı qurğularını, eləcə də Bakı Dərin Özüllər Zavodundakı (BDÖZ) tədarük bazasını əhatə edir. Müqavilə təxminən 12 ay davam edən hərtərəfli və mürəkkəb seçim prosesi nəticəsində bağlanıb. Müqavilənin müddəti beş ildir və iki dəfə dörd il müddətinə uzadıla bilər. İşlər yerli Azfen şirkətinin iştirakı ilə Bakıda yerinə yetiriləcək.
Müqavilə əsasında AMEC şirkəti:
- emal zavodunun və avadanlıqların səmərəliliyinin yaxşılaşdırılması yollarının müəyyən edilməsi məqsədi ilə mühəndis-texniki tədqiqatların aparılmasını, layihələşdirmə işlərini və işçi qüvvəsini, BP tərəfindən istismar edilən dənizdə və qurudakı obyektlərdə proseslərin və zavodun səmərəliliyi və ya təhlükəsizliyi üçün tələb olunan dəyişikliklərin layihələşdirilməsini
- mövcud zavodun və avadanlıqların təmirinin və onlara texniki xidmət göstərilməsinin həyata keçirilməsini;
-layihələrin həyata keçirilməsi müddətində əvvəllər mövcud olan/yeni yataq qurğularının layihələşdirilməsinə, hazırlanmasına, tədarükünə, quraşdırılmasına və istismara verilməsinə, eləcə də işə salınmasına dəstək verilməsini;
-quruda və dənizdə mühəndis-texniki xidmətlər göstərən qruplar vasitəsilə kiçik dəyişikliklərin yerinə yetirilməsinə dəstək verilməsini
təmin edəcək.
BP-nin Azərbaycanda Əsas Layihələr üzrə vitse-prezidenti Brus Luberski bildirib ki, 2004-cü ildən bu vaxta kimi əvvəldən mövcud olan dəniz layihələrdə AMEC-nin mühəndis-texniki və ik layihələrin idarə edilməsi xidmətlərindən istifadə edirlər: "Bu yeni müqavilə əsasında AMEC-nin xidmət dairəsi genişlənərək BP-nin Səngəçal terminalındakı əvvəldən mövcud olan layihələrini və Bakı Dərin Özüllər Zavodundakı (BDÖZ) tədarük bazasını əhatə edəcək. Məmnunuq ki, yeni müqavilə əsasında həm quruda və dənizdəki obyektlərin operatoru olan BP, həm də AMEC kadrların milliləşdirilməsi proqramlarının bir hissəsi kimi yerli mühəndislərin inkişaf etdirilməsi öhdəliyinə sadiq qalacaqlar".
DOSTLARINLA PAYLAŞ: