«BP-Azerbaijan» şirkətinə yeni prezident təyin olunub
06 Avqust 2009 Cümə Axşamı 13:10
«BP-Azerbaijan» şirkətinə yeni prezidentin təyin olunmasına dair qərar qəbul olunub.
Şirkətin Bakıdakı baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, bu vəzifədə olan Bill Şreyderi «BP-Azerbaijan» şirkətinin birinci vitse-prezidenti Rəşid Cavanşir əvəz edəcək. R.Cavanşir yeni vəzifəsinin icrasına cari ilin sentyabr ayının 1-dən başlayacaq.

Şirkətdən həmçinin bildirilib ki, R.Cavanşir «BP-Azerbaijan» şirkətinə rəhbərlik edən ilk Azərbaycan vətəndaşı olacaq. Onun rəhbərlik edəcəyi işlər BP-nin Azərbaycan və Gürcüstandakı bütün fəaliyyətini, həmçinin Türkiyədəki ixrac əməliyyatlarını əhatə edəcək.

Qeyd edək ki, R.Cavanşirin «BP-Azerbaijan»ın yeni prezidenti təyin olunmasını elan etmək məqsədilə bu gün BP-nin axtarış-kəşfiyyat və hasilat üzrə baş icraçı direktoru Endi İnqlis Azərbaycana gəlib. Səfər zamanı o, Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb və R.Cavanşiri dövlət başçısına təqdim edib.

Xatırladaq ki, «BP-Azerbaijan» şirkəti «Azəri-Çıraq-Günəşli», «Şahdəniz», Bakı-Tiflis-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri layihələrinin operatorudur.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar