Böyük müəssisələrin fəaliyyətinin dayanması narahatlıq doğurur
26 May 2009 Çərşənbə Axşamı 10:05
“Bütün dünyanı bürümüş böhran istər-istəməz Azərbaycana da təsir göstərir. Ancaq biz çalışırıq ki, bu təsiri minimuma endirək”.
APA-nın məlumatına görə, bu sözləri Gəncəyə səfəri zamanı şəhər ictimaiyyəti qarşısında çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı böyük müəssisələrin fəaliyyətinin dayanmasının narahatlıq doğurduğunu da bildirib: “Böyük müəssisələrin müvəqqəti olaraq dayanması əlbəttə, bir tərəfdən bizi narahat edir, digər tərəfdən, Azərbaycanın artıq mövcud olan qüdrətli iqtisadi potensialı deməyə əsas verir ki, bu, müvəqqəti xarakter daşıyır. Əminəm ki, böyük müəssisələr fəaliyyətini yaxın zamanlarda bərpa edəcək. Orada işləyən insanlar isə dövlət tərəfindən təmin edilir, maaşları verilir və veriləcək”.

Son beş ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasını müsbət hal adlandıran prezident növbəti beş il üçün yeni proqramın tərtib olunduğunu və artıq icrasına başlanıldığını söyləyib.

Dövlət başçısı ölkə iqtisadiyyatının əsas sahəsinin energetika olduğunu və dünyada neftin qiymətinin kəskin düşməsi ilə bağlı bütün neft ixrac edən ölkələr, o cümlədən Azərbaycanın da müəyyən çətinliklərlə üzləşdiyini qeyd edib: “Buna baxmayaraq, bütün sosial proqramlar icra olunur, infrastruktur layihələri davam etdirilir. Böhranın Azərbaycana müsbət təsiri də olub. Bu da ondan ibarətdir ki, istehlak qiymətləri də düşüb. Ancaq büdcə təşkilatlarında çalışan insanların əmək haqları vaxtında ödənilir, pensiyalar ödənilir və ildən-ilə onların məbləği artır, gələcəkdə də artacaq. Bu aylar ərzində iqtisadiyyatımız da artıb. Bütün dünyada iqtisadi tənəzzül müşahidə edildiyi halda, Azərbaycanda iqtisadi artım qeydə alınıb. Bu, həm də onu göstərir ki, bizim uğurlarımızın əsas səbəbi neftin qiyməti deyil, aparılan islahatlar, cəmiyyətdəki çox gözəl əhval-ruhiyyə, ab-havadır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar