"Boru kəmərinin tikintisi 2013-cü ildə başlayacaq"
09 Avqust 2011 Çərşənbə Axşamı 16:59
Reynhard Mitçek əmindir ki, ixrac üçün nəzərdə tutulmuş ilk qaz 2017-ci ildə hasil ediləcək
Dünyanın ən böyük qaz ehtiyatlarının müəyyən hissəsi Xəzər regionu və Yaxın Şərqdə yerləşir və hasilatçı şirkətlər həmin ehtiyatları Avropaya ixrac etməyə çalışır. ANS PRESS-ə məlumatına görə, bunu “Nabucco Gas Pipeline International GmbH.” şirkətinin icraçı direktoru Reynhard Mitçek bildirib. Onun sözlərinə görə, “Nabukko” boru kəməri infrastrukturunun tikintisi hasilatçı şirkətlərin gözlədiyi kimi onların iş qrafikinə uyğunlaşdırılıb: “Azərbaycandakı “Şahdəniz II” konsorsiumu 2011-ci ilin I rübündə elan edib ki, ixrac üçün nəzərdə tutulmuş ilk qaz 2017-ci ildə hasil ediləcək. Başlanğıcını Xəzər hövzəsindən götürən “Nabukko” boru kəməri həm logistika baxımından, həm də iqtisadi cəhətdən ən məqsədəuyğun nəqletmə marşrutudur və şübhəsiz ki, Cənub Dəhlizi infrastrukturunun inkişaf etdirilməsi istiqamətində öndə gedəcək”.
R.Mitçek bildirib ki, hazırda səhmdarlar qaz təchizatçıları ilə danışıqlar aparır və müəyyən irəliləyiş əldə edilməkdədir: “Ona görə də biz əminik ki, tikinti işləri 2013-cü ildə başlayacaq və ilk qaz 2017-ci ildə axacaq. “Nabukko” layihəsi öz istehlakçılarının ehtiyacları nəzərə alınmaqla davam etdirilir”.
Qeyd edək ki, “Nabukko” qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan “Nabucco Gas Pipeline İnternational GmbH.” konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgargaz” (Bolqarıstan), “BOTAŞ” (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Tikintisinə 2013-cü ildə başlanacaq “Nabukko” qaz kəməri ilə Azərbaycan qazının nəqli 2017-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 milyard kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.
DOSTLARINLA PAYLAŞ: