Birlik MMC-yə 2 min manat maliyyə sanksiyası tətbiq edilib
22 Fevral 2012 Çərşənbə 19:45
Müəssisədə istehsal edilən elektrik naqillərinin etiketlərində ölçüyə dair məlumatın yanlış göstərilməsi müəyyən olunub.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Birlik" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı, müəssisədə istehsal edilən polietilen qablaşdırmada olan elektrik naqillərinin etiketlərində ölçüyə dair məlumatın yanlış göstərilməsi ilə istehlakçıların aldadılması halı müəyyən olunmuşdu.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bununla əlaqədar, həmin təsərrüfat subyekti barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.
Dövlət Xidmətində işə baxılmış və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə, "Birlik" MMC-yə 2 min manat maliyyə sanksiyası tətbiq edilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabətə qarşı tədbirlərini davam etdirir.
DOSTLARINLA PAYLAŞ: