Bir sıra yanacaqdoldurma məntəqəsində satış dayandırılıb
06 Oktyabr 2010 Çərşənbə 12:25
Standartlaşdırma Komitəsi yanacaqdoldurma məntəqələrində monitorinq aparıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi əməkdaşları respublikanın bəzi rayonlarında yanacaqdoldurma məntəqələrində istehlakçılara realizə edilən yanacağın keyfiyyəti, normativ sənədin tələblərinə uyğunluğunu, metroloji normaları müəyyən etmək üçün monitorinq aparıb. Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, idarə əməkdaşları tərəfindən Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonları ərazisində yerləşən 52 yanacaqdoldurma məntəqəsində aparılmış monitorinq nəticəsində müəyyən olunub ki, məntəqələrin 3-də dizel yanacağının keyfiyyəti standartın tələblərinə uyğun deyil, 2-də isə A-95 markalı benzinin tərkibinə mexaniki qatqılar əlavə edilib. Eyni zamanda 12 yanacaqdoldurma məntəqəsində metroloji normalara əməl edilməyib, yanacaq miqdarı 10,0 litr əvəzinə 9,6-9,8 litr olaraq müəyyən edilib.

Araşdırmalar Mingəçevir, Yevlax, Bərdə, Qəbələ, Şəki, Zaqatala və Ucar rayonları ərazisində davam etdirilib. Bu ərazilərdə dövlət nəzarəti tədbirlərinin aparıldığı 71 yanacaqdoldurma məntəqəsinin 5-də dizel yanacağının keyfiyyəti standartın tələblərinə uyğun olmayıb, 2-də isə A-95 markalı benzinin tərkibinə mexaniki qatqılar əlavə edilib.

Bütün hallarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları protokol tərtib edib, İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən qanun pozuntusu aşkar olunmuş məntəqələrdə yanacaq satışı dayandırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar