Bir gündə 7 qızıl medal qazandılar
18 Sentyabr 2009 Cümə 15:15
Qusarda universal döyüş üzrə Avropa çempionatına start verildi
Qusar Olimpiya İdman Kompleksində universal döyüş üzrə kişi və qadınlar arasında 5-ci Avropa çempionatına start verilib. Qitənin çempionatına ümumilikdə 22 ölkədən 150 idmançı qoşulub. 30 hakimin idarə etdiyi yarışda ölkəmizi 35 idmançı təmsil edir. Yarışlar layt və klassik növ üzrə təşkil olunub. Avropa çempionatının ilk günü layt versiyası üzrə yarışlar keçirilib. Kişi və qadınlar arasında 7 çəki dərəcəsi üzrə təşkil olunan yarışın birinci günü idmançılarımız üçün uğurlu alınıb. Yığma komanda üzvlərindən kişilər arasında 65 kq çəki dərəcəsində çıxış edən Sahil Namazov, Xəyyam Səfixanov (70 kq), Vüqar Ocaqverdiyev (75 kq) Avropa çempionu adına layiq görülüblər.

Zərif cinsin nümayəndələrindən isə Nazənin Məmmədova (48 kq), Gülnar Gülməmmədova (52 kq), Gülsədəf Kərimova (63 kq), Gözəl Zutova (70 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar. Yığmamız 7 qızıl medalla ümumi hesabda birinci yerə layiq görülüb. İkinci və üçüncü pillələrdə isə müvafiq olaraq Rusiya və Ukrayna idmançıları qərarlaşıb. Layt versiyası üzrə yarışlar başa çatdıqdan sonra çempionatın təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Ümumdünya Universal Döyüş Federasiyasının I vitse-prezidenti Azər Həsənov, Olimpiya çempionu Namiq Abdullayev də iştirak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar