BFB-də beynəlxalq konfrans keçirilib
29 Sentyabr 2010 Çərşənbə 17:00
Tədbir "Kollektiv investisiyalar: beynəlxalq təcrübə və imkanlar" mövzusuna həsr olunub.
Bu gün Bakı Fond Birjasının fəaliyyətinin 10 illiyinə həsr edilmiş “Kollektiv investisiyalar: beynəlxalq təcrübə və imkanlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın təşkil edilməsində əsas məqsəd yerli bazar üçün yeni hesab edilən və dünyada geniş tətbiq olunan kollektiv investisiya mexanizmlərinə dair ətraflı məlumatlar verməklə kapital bazarının populyarlaşdırılması və kollektiv investisiya alətlərinin bazarda tətbiqi üçün əlverişli zəminin formalaşdırılmasından ibarət idi. BFB-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, konfransda dünyanın bir sıra ölkələrindən 20-dək beynəlxalq qurumun, birjaların, investisiya şirkətləri və bazar tənzimləyicilərinin nümayəndələri iştirak ediblər. Bunların arasında Türkiyə Kapital Bazarları Şurasının (Türkiyədə qiymətli kağızlar bazarının tənzimləyicisidir) rəhbər nümayəndələri, London, Varşava, İstanbul, Gürcüstan və Qazaxıstan fond birjalarının rəhbərləri, Avropanın ən böyük fond bazarları hesab edilən Böyük Britaniya və Lüksemburqdan kollektiv investisiya mexanizmləri üzrə nüfuzlu ekspertlər, Qərbi və Mərkəzi Avropanın və regionun investisiya şirkətlərinin təmsilçiləri və Bakı Fond Birjasının üzvü olduğu, sıralarında 33 fond birjasını birləşdirən Avrasiya Fond Birjaları Federasiyasının rəhbərliyi olub. Konfransda hökumətin iqtisadi blokunu təmsil edən qurumlar, ölkədə akkreditə olunmuş diplomatik korpus, beynəlxalq maliyyə təşkilatları, yerli biznes qurumları, bank, sığorta, lizinq və qeyri-bank kredit təşkilatları, eləcə də bazarın peşəkar iştirakçılarının nümayəndələri iştirak edib.
Konfransda iştirak edən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, maliyyə naziri Samir Şərifov və Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov tədbir iştirakçılarını salamlayaraq, BFB-ni yubiley münasibətilə təbrik ediblər və qiymətli kağızlar bazarının inkişafının mövcud vəziyyəti, eləcə də, iqtisadiyyatın gələcək inkişaf perspektivində kollektiv investisiya mexanizmlərinin əhəmiyyəti və onun maliyyə bazarlarının inkişafında roluna dair fikirlərini iştirakçıların diqqətinə çatdırıblar.
Sonra Bakı Fond Birjasının Müşahidə Şurasının sədri Cahangir Hacıyev, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobiya və İstanbul Fond Birjasının sədri Hüseyn Erkan mövzusuya dair fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər. Bundan sonra xarici fond birjalarının nümayəndələri, kollektiv investisiyalar üzrə beynəlxalq ekspertlər və nüfuzlu xarici investisiya şirkətlərinin təmsilçiləri öz ölkələrinin müvafiq sahədəki təcrübələrini auditoriya ilə bölüşüblər.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin və Bakı Fond Birjasının əməkdaşları tərəfindən Azərbaycanda kollekiv investisiya mexanizmlərinin perkspektivləri və fond bazarının arxitekturası barədə çıxışlar dinlənilib. Tədbirin sonunda Bakı Fond Birjasının sədri Xəyal Abdinov kollektiv investisiya mexanizmlərinin yerli bazarda tətbiqinin zəruriliyini və bazarın buna hazır olduğunu qeyd edərək, bazarın peşəkar iştirakçılarının və bütün maraqlı tərəflərin bu sahənin tətbiqinə öz töhfələrini verəcəyinə inamını ifadə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: