Beyləqanda yeni taxıl anbarı istifadəyə verilib
12 Avqust 2010 Cümə Axşamı 18:10
"Beyləqan Taxıl" ASC tərəfindən inşa olunan anbarın tutumu 10 min tondur.
Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kredit hesabına Beyləqanda tikilən taxıl anbarı istifadəyə verilib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, "Beyləqan Taxıl" ASC tərəfindən inşa olunan anbarın ümumi tutumu 10 min tondur. Anbarın tikintisinə 1mln 350 min manat vəsait sərf olunub. Bunun 840 min manatı SKMF tərəfindən ayrılan güzəştli kreditdir. Tikintisinə ötən ilin oktyabr ayında başlanan anbarda bölgədəki fermerlər həm taxıllarını saxlamaq, həm də nəğd ödəmə yolu ilə taxılı anbara satmaq imkanı əldə edəcək.
"Beyləqan Taxıl" ASC-nin rəhbəri Süleyman İsmayılov bildirib ki, 100-50 ton taxılı olanlarla müqavilə bağlanır və taxıl anbara vurulur: "1 ton taxılın boşaldılması və təmizlənməsi üçün 1 manat 50 qəpikdən müqavilə bağlanılıb".
Torpaq sahibləri anbarın fəaliyyətə başlamasının həm istehsal etdikləri məhsulun saxlanılması, həm də onun lazımı qiymətə satılması problemlərinin həll edəcəyini deyib.
Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayev bildirib ki, indiyə qədər fondun ayırdığı güzəştli kredit hesabına ölkə ərazisində ümumi tutumu 266 min ton olan 16 taxıl anbarı maliyyələşdirilib. İndiyə qədər ümumi tutumu 58 min ton olan 7 anbar artıq istifadəyə verilib və 208 min ton taxılın tədarükünə imkan yaradacaq daha 9 taxıl anbarının tikintisi isə bu ilin sentyabr-oktyabr aylarında başa çatacaq.
Fondun sədri qeyd edib ki, tikinti işlərindən əlavə anbar sahiblərinə taxılı tədarük etmək üçün vəsait də ayrılır. Elə bu məqsədlə "Beyləqan Taxıl" ASC-yə fonddan 700 min manat güzəştli kredit ayrılıb və həmin vəsait hesabına 5 min ton taxıl tədarük olunub. Digər bölgələrdə fəaliyyət göstərən tədarükçülər üçün də bu güzəştli kreditlər ayrılacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: