Ben Bernanke: ABŞ iqtisadiyyatının artım templəri sürətlənəcək
23 İyun 2011 Cümə Axşamı 11:02
ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Ben Bernanke aşağı faiz dərəcələrinin nə vaxta kimi qorunub saxlanacağını bilmədiyini deyib.
“APA-Economics”in xəbərinə görə, bu bəyanatla o, FES-in Açıq bazarda əməliyyatlar üzrə Komitəsinin (FOMC) iclasından sonra keçirilən mətbuat konfransında çıxış edib. Qeyd edək ki, iclasda baza faiz dərəcəsini 0-0,25 diapazonunda qoruyub saxlamaq qərara alınıb.

B.Bernanke bildirib ki, ABŞ iqtisadiyyatının bərpası prosesinin ləng getməsi daha çox müvəqqəti xarakter daşıyır: “Əhalinin alıcılıq qabiliyyətinə ərzaq və enerjidaşıyıcılarının bahalaşması mənfi təsir göstərib. Yaponiyada dağıdıcı zəlzələ və sunaminin nəticələri isə bir sıra məhsulların, xüsusən avtomobil ehtiyat hissələrinin çatdırılmasında problemlər yaradıb”.

FES rəhbəri qeyd edib ki, yaxın perspektivdə ABŞ-da benzinin bahalaşması səngiyəcək, Yaponiyadakı zəlzələnin nəticələri isə aradan qaldırılacaq: “FOMC ABŞ iqtisadiyyatının bərpası prosesinin növbəti rüblərdə sürətlənəcəyinə ümid edir”.

Yunanıstan iqtisadiyyatında yaranmış böhrana münasibət bildirən B.Bernanke deyib ki, böhran həll olunmasa, bu, Avropa və dünya maliyyə sistemlərinə, eləcə də Avropanın siyasi bütövlüyünə təhlükə yaradacaq: “Avropa liderləri Yunanıstan böhranının həllinin həddən artıq vacib olduğunu başa düşürlər”.  APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar