Bank Respublika mükafata layiq görüldü
07 İyun 2011 Çərşənbə Axşamı 21:03
AYİB Bank Respublika bankına “Azərbaycanda ticarətin maliyyələşdirilməsi üzrə ən fəal bank” adlı mükafat verib.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2010-cu ilin nəticələrinə görə “Bank Respublika”nı “Azərbaycanda ticarətin maliyyələşdirilməsi üzrə ən fəal bank” mükafatına layiq görüb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mükafatlandırma mərəsimi Qazaxstanın Astana şəhərində keçirilən AYİB-ın səhmdarların illik görüşündə baş tutub. Həmin mükafat banka artıq 3-cü il ardıcıl olaraq verilir və bu banka beynəlxalq maliyyə təşkilatları tərəfindən böyük etibarın və ticarətin maliyyələşdirilməsi istiqamətində aparılan aktiv fəaliyyətin sübutudur.
Xatırladaq ki, “Bank Respublika” 2004-cü ildən AYİB tərəfindən reallaşdırılan “Beynəlxalq Ticarətə Dəstək Proqramı”nın fəal iştirakçısıdır. Həmin proqram MDB-də, həmçinin, Mərkəzi və Şərqi Avropa ölkələrində ticarətə dəstək məqsədilə yaradılıb. Eyni zamanda, beynəlxalq əməkdaşlıq proqramları üzrə müxtəlif xarici maliyyə təşkilatları tərəfindən “Bank Respublika” üçün 290 milyon ABŞ dollarından çox məbləğdə kredit xətləri ayrılıb və bu daha sərfəli şərtlərlə müştərilərə uzunmüddətli kreditlər və ticarətin maliyyələşdirilməsi üzrə xidmətlər təqdim etmək üçün bankin imkanlarını genişləndirib.
Qeyd edək ki, “Bank Respublika” 22 may 1992-ci il fəaliyyətə başlayıb və bu illər ərzində Azərbaycanın aparıcı banklarından birinə çevrilib. Bankın səhmdarları sırasında Almaniyanın 2 nəhəng maliyyə təşkilatı təmsil olunur – KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust. Bu 2 maliyyə təşkilatı 28 aprel 2005-ci il tarixdən etibarən Bankın səhmdar kapitalının “25% + 1 səhm” paketinə sahibdirlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: