Bank Respublika kredit götürdü
09 Dekabr 2009 Çərşənbə 16:50
Bank Respublika kredit götürdü. Vəsait investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.
Böyük Britaniyanın paytaxtı Londonda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən “Bank Respublika”ya 6 milyon ABŞ dolları məbləğində kredit xəttinin ayrılmasına dair müqavilənin imzalanma mərasimi keçirilib. Kredit xətti mikro və kiçik sahibkarlığın kreditləşməsi (MSME Lending) proqramı üzrə ayrılıb.
“Bank Respublika”nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, kredit həm qısamüddətli, həm də uzunmüddətli kreditləşmə vasitəsilə investisiya layihələrinin maliyyələşdirilməsinə yönələcək. Bu da öz növbəsində mikro və kiçik sahibkarlığın kifayət qədər kreditləşməməsi dövründə özəl sektorun maraqlarına qulluq edəcək.
“Bank Respublika”ya kredit xəttinin ayrılması barədə qərar bankın maliyyə göstəricilərinin, bank xidməti bazarında mövqelərinin və filial şəbəkəsinin regional əhatəsinin qiymətləndirilməsi əsasında qəbul olunub.
Xatırladaq ki, “Bank Respublika” AYİB ilə 2004-cü ildən etibarən əməkdaşlıq edir. Əməkdaşlıq dövrü ərzində “Bank Respublika”ya Avropa Yenidənqurma və İnkişaf Bankının müxtəlif kreditləşmə proqramları üzrə 60 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb.
Qeyd edək ki, “Bank Respublika” 1992-ci ildən fəaliyyət göstərir və Azərbaycanın aparıcı banklarından biridir. Bankın səhmdarları sırasında 25 faiz + 1 səhm payla Almaniyanın 2 böyük maliyyə təşkilatları da mövcuddur – KfW bank qrupunun üzvü DEG və Sparkassen-Finanzgruppe üzvü SIDT.
1 dekabr 2009-cu il tarixinə “Bank Respublika”nın məcmu kapitalı 59,7 milyon. Manat, nizamnamə kapitalı isə 30,6 milyon manatdır. Hazırda Bakı və regionlarda “Bank Respublika”nın 34 filial və şöbəsi fəaliyyətdədir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: