Bank of Baku avtokreditləri genişləndirir
04 Fevral 2010 Cümə Axşamı 12:55
Bank of Baku tərəfindən verilən avtokreditlərin ümumi sayı 18 mindən çoxdur.
“Bank of Baku” ASC 2010- cu ildə “Hyundai” markalı avtomobillərin alınmasına kredit verilməsi ilə yanaşı, yeni “Volkswagen”, “KİA” və Rusiya Federasiyası istehsalı olan avtomobilləri üçün də kredit açır.
Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, avtokreditin məbləği 500-50 000 manat təşkil edir, müddəti, faiz dərəcəsi və əvvəlcədən ödəniş məbləği isə avtomobilin markasından asılı olaraq dəyişir.
“Hyundai” və “KİA” markalı avtomobillərin alışının kreditləşdirilməsi “Bank of Baku” tərəfindən 12, 24 və 36 ay müddətinə verilir. “Hyundai” markalı avtomobillərin alışının kreditləşdirilməsi zamanı ilkin ödəniş avtomobilin dəyərinin minimum 20 faizini, “KİA” markalı avtomobillərin kreditləşdirilməsi üçün isə əvvəlcədən ödəniş avtomobilin dəyərinin minimum 25 faizini təşkil edir.
“Volkswagen” markalı avtomobillərin alışının kreditləşdirilməsi zamanı ilkin ödəniş avtomobilin dəyərinin minimum 30 faizini təşkil edir.
“Bank of Baku” Rusiya istehsalı olan aşağıdakı avtomobillərin kreditləşdirilməsini də həyata keçirir: “QAZ – 3110”, “VAZ – 2107”, “VAZ – 2115” (Lada Samara), “VAZ – 2121” (Lada Niva), “VAZ – 2172” (Lada Priora – Hatchback), “VAZ – 2171” (Lada Priora – universal), “VAZ – 2170” (Lada Priora – sedan), “VAZ – 1117” (Lada Kalina). Kredit 6, 12 və 18 ay müddətinə verilir.
İlkin ödəniş avtomobilin dəyərinin minimum 30 faizii təşkil edir. Kreditin minimal məbləği 500 manat, maksimal məbləği isə avtomobilin dəyərinin 75 faizini təşkil edir.
Xatırladaq ki, “Bank of Baku”nun məhsul portfelində avtokreditləşmə 2001-ci ildə özünə yer tapıb.
Qeyd edək ki, 2009-cu ilin sonuna olan göstəricilərə görə, Bank of Baku tərəfindən verilən avtokreditlərin ümumi sayı 18 mindən çoxdur. 1994-cü ildən fəaliyyətə başlayan “Bank of Baku” Azərbaycanda istehlak kreditlərini tətbiq edən ilk banklardandır. Hazırda bankın fəaliyyətinin 60 faizini məhz pərakəndə bankçılıq təşkil edir. Bank istehlak kreditləri proqramı çərçivəsində daim öz müştəriləri üçün avtokreditlərin verilməsi şərtlərini mükəmməlləşdirir və faiz dərəcələrini endirir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: