Bu gün "Bank of Azerbaijan"ın 23 saylı filialının rəsmi açılış mərasimi olub. ANS PRESS-in məlumatına görə, bankın yeni ofisi Bakı Beynəlxalq Avtovağzalının ticarət kompleksinin ərazisində yerləşir. Açılış mərasimində "Bank of Azerbaijan"ın idarə heyətinin üzvləri, eləcə də filialın rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Ticarət kompleksinin əhali üçün rahat və avtovağzalın istənilən nöqtəsindən kifayət qədər əlçatan bir sahəsində yerləşən filial əhaliyə hesablama-kassa xidməti, valyuta mübadilə əməliyyatları, təcili pul köçürmələri, əhalidən əmanətlərin qəbulu, mikrokreditlərin verilməsi kimi xidmətlərin geniş spektrini təklif edir. Avtovağzalın ərazisində plastik kartlar üçün nəzərdə tutulmuş POS-terminallar və iki bankomat da fəaliyyət göstərir. Filialın 13 əməkdaşdan ibarət yüksək ixtisaslı personalı hər bir müştəriyə diqqətli yanaşaraq fərdi xidmət göstərəcək.
Qeyd edək ki, filiallar şəbəkəsini təkmilləşdirmək və optimallaşdırmaqla, bank fillialların genişləndirilməsi siyasətini həyata keçirməkdə davam edir./ANS PRESS/