“Bank of Azerbaijan” müştərilərə xidmət vaxtını artırdı
06 Avqust 2010 Cümə 11:35
Bank of Azerbaijan ilin sonunadək 3 yeni filialın açılmasını da planlaşdırır.
“Bank of Azerbaijan” müştəri məmnuniyyətini artırmaq və filial şəbəkəsinin işinin səmərəliliyini yüksəltmək məqsədi ilə "Gənclik" filialında müştərilərə xidmət vaxtını saat 22:00-dək, şənbə günü isə saat 10.00-dan 17:00-dək uzadır. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, "Bank of Azerbaijan" iş saatlarında bank xidmətlərindən yararlana bilməyənlərin xahişini nəzərə alaraq, müştərilərə xidmət departamentinin iş cədvəlində müəyyən dəyişikliklər edib.
Bu yaxınlarda bankın "Gənclik" metro stansiyası yaxınlığındakı F.Xoyski küçəsi 2a ünvanında açılan yeni böyük filialında iş günləri saat 09:00-dan-22:00-a kimi müştərilərə yüksək xidmət göstəriləcək. Şənbə günləri isə müştərilər saat 10:00-dan 17:00-a kimi bu filialda istədikləri əməliyyatı həyata keçirə və lazımi məsləhətlər ala bilərlər. Xidmət göstəriləcək əlavə axşam saatlarında müştərilər cari hesablar və kredit üzrə borcların ödənilməsi, plastik kartlar (kartın sifarişi, hesaba pulun qoyulması, kart üzrə kredit borcunun ödənilməsi), "Western Union" və "Zolotaya Korona" sistemi üzrə sürətli pul köçürmələri, Azercell, Bakcell və NarMobile operatorlarının xidmət haqlarının ödənilməsi, kommunal xidmətlərə görə ödəmə və valyuta mübadiləsi üzrə əməliyyatlar həyata keçirə biləcəklər.
Qeyd edək ki, "Bank of Azerbaijan" 2009-cu ilin əvvəlində başladığı filial şəbəkəsinin optimallaşdırılması siyasətini davam etdirir. Bunun bariz nümunəsi olaraq, bank "Elmlər Akademiyası" və "Gənclik" metro stansiyasiyalarının yaxınlığında iri fiallarının açılışını həyata keçirib. Hazırda bankın 14 filialı fəaliyyət göstərir və 2010-cu ilin sonunadək 3 yeni filialın açılması planlaşdırılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: