“Bank of Azerbaijan” ən iri filialını açıb
18 Yanvar 2010 Bazar Ertəsi 14:55
Yaxın günlərdə bankın “Gənclik” metro stansiyasının yaxınlığında daha biri filial açmağı planlaşdırır.
Bu gün “Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətinin Bakıda sahəsi 560 kv/metr olan ən iri filialı istifadəyə verilib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, filialın açılış mərasimində bankın İdarə Heyətinin sədri Xəyal Şərifzadə iştirak edib.
O bildirib ki, bu cür iri filialın açılışı bankın 2009-cu ilin əvvəlindən həyata keçirdiyi filiallar şəbəkəsinin optimallaşdırılması siyasətinin davamıdır. Onun sözlərinə görə, bank ötən ilin əvvəlindən başlayaraq filiallar şəbəkəsinin optimallaşdırılması prosesinə başlayıb: “Bu proses mövcud olan filialların iriləşdirilməsini, Bakı və regionlarda yeni filialların açılmasını nəzərdə tutur. Bankın bu filialı 4 filialın - 2 saylı, 8 saylı 15 saylı və 5 saylı filialların birləşdirilməsi nəticəsində yaranıb. Biz əminik ki, bankımız müştərilərə ən yaxşı, yəni daha böyük və rahat filiallarda xidmət göstərməlidir”.
X.Şərifzadənin sözlərinə görə, 30-a qədər işçinin çalışacağı bu filialda VİP xidmət və bütün növ bank xidmətləri göstəriləcək: “Ümumiyyətlə, əhalinin rahatlığını nəzərə alan bank gələcəkdə metro stansiyalarının yaxınlığınıda və əhalinin sıx yerləşdiyi ərazilərdə iri filialların açılışını davam etdirəcək. Yaxın günlərdə bank “Gənclik” metro stansiyasının yaxınlığında yerləşən iri filial açmağı planlaşdırır”.
Bank tərəfindən uzunmüddətli icarəyə götürülmüş bu bina Bakı şəhəri, Landau küçəsi,6 ünvanında yerləşir.
Qeyd edək ki, səhmdarları “NEM Holding” və 2 fiziki şəxs olan “Bank of Azerbaijan” ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 12 filialı fəaliyyət göstərir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: