Bakının Nəsimi rayonunda Səyyar Əmək Birjası keçirilib
31 Avqust 2012 Cümə 19:00
Bakı şəhəri Məşğulluq İdarəsinə daxil olan rayon məşğulluq mərkəzləri tərəfindən Səyyar Əmək Birjasının tədbirlərinin kütləvi şəkildə keçirilməsinə start verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, növbəti belə tədbir Nəsimi rayonunun xüsusi müəyyənləşdirilmiş ərazilərində Rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilib.

Tədbirlərdə Məşğulluq Mərkəzinin mütəxəssisləri ilə yanaşı, Nəsimi rayon İcra Hakimiyyətinin, sosial yönümlü müxtəlif idarə və təşkilatların nümayəndələri, həmçinin Bakı şəhər Məşğulluq İdarəsinin rəhbər işçiləri iştirak ediblər. Tədbirdə işaxtaran vətəndaşlara müasir texnologiyalar əsasında Bakı şəhərinin müxtəlif yerlərində, əsasən Nəsimi rayon ərazisində mövcud olan 1500 boş iş yeri haqqında məlumatlar təqdim edilib, maarifləndirici bukletlər və informasiyalar işaxtaranların ixtiyarına verilib. Bundan əlavə, işaxtaran vətəndaşlarla fərdi yanaşma yolu ilə müvafiq məsləhətlər verilib. Tədbirdə işaxtaran şəhər vətəndaşları müxtəlif məşğulluq xidmətləri, o cümlədən peşəyönümü haqqında və peşə kursları barədə məlumatlar əldə ediblər. Bu tədbirdə 36 nəfər işaxtaran kimi qeydiyyata alınıb. Bu vətəndaşlardan 19 nəfəri qadın, 24 nəfəri isə gənclərdir. 11 nəfər işaxtaran vətəndaş əmək bazarına inteqrasiya etməkdə çətinlik çəkdiyindən, müxtəlif peşə kurslarına cəlb olunub.

Bakı şəhər Məşğulluq İdarəsinin direktoru Şəfa Əliyev bildirib ki, hazırda bu kimi tədbirlərin genişləndirilməsi üçün yerli məşğulluq orqanlarının fəaliyyəti gücləndirilir və tezliklə belə tədbirlərin kütləvi təşkili təmin ediləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar