Bakıdakı yeni binalarda mənzillər ucuzlaşıb (QIYMƏTLƏR)
20 Avqust 2011 Şənbə 00:14
Bakıdakı yeni binalarda mənzillər ucuzlaşıb (QIYMƏTLƏR). Hazırda əsas tələbat Yasamal, Xətai və Nərimanov rayonlarında satılan binalaradır.
2011-ci ilin iyul ayı ərzində “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi monitorinq qrupu tərəfindən paytaxtın ilkin mənzil bazarında növbəti monitorinq aparılıb. Birlikdən ANS PRESS-ə verilən məlumata görə, ilkin bazar mövsümə uyğun olan aktivliyin, canlanmanın müşahidə edilməsi ilə yadda qalıb. Aktivlik xüsusilə Yasamal, Xətai və Nərimanov rayonlarında hiss edilib.
İlkin bazara təklif olan mənzillərin 80%-dən çoxu təkrar satışa çıxarılan mənzillər olsa da, inşası başa çatan və istismara qəbul edilən yeni tikililərin sayının artması iyul ayında da müşahidə edilib.
Ümumilikdə inşası davam etməkdə olan binaların hesabına və mövsümi amillərlə iyul ayında qiymət azalması ilə qeydə alınıb. Azalma əsasən mərkəzdən kənardakı (Yasamal və Xətai rayonları) ekonom tipli binalarda daha çox müşahidə edilib.
Aparılan araşdırmalar deməyə əsas verir ki, hazırda əsas tələbat Yasamal rayonunda (Yeni Yasamal qəsəbəsi) 450-600, Xətai rayonunda (metro ətrafı) 500-700 və Nərimanov rayonunda (metro ətrafı) 900-1000 manat arasında satılan binalaradır.
Qiymət monitorinqinin nəticələrinə görə, paytaxt üzrə iyul ayında ərzində satış üçün təklif olunmuş mənzillərin orta qiymətində 0,2% azalma baş verib. Qiymətlər ötən aydakı 1 kv.metr üzrə 839 manata qarşı 837 manat səviyyəsində qərarlaşıb.
Qiymət azalması ötən rübün müvafiq dövrü ilə müqayisədə 0,5%, ötən illə 3,3%, 2011-ci ilin yanvar ayı ilə nisbətdə isə 1,3% təşkil edib.
Yasamal rayonu digər aylarda olduğu kimi, inşa edilən yaşayış binalarının sayına görə (2734%) ilk yerdədir. Daha sonra isə Xətai (20,8) və Nəsimi (17,1%) rayonları gəlir.
Ay ərzində qiymət indeksində də orta qiymətə uyğun olaraq azalma baş verib. İyul ayında bu göstərici 0,7 bənd azalaraq ötən aydakı 321,4 bəndinə qarşı 320.7 bəndində qərarlaşıb.
Ötən aylardakı kimi, yeni tikililərdə 3 otaqlı mənzillər daha çox üstünlük təşkil edir. 5 otaqlı mənzillər əsasən şəhərin 1 zonasında üstünlük təşkil edir, 1 otaqlı mənzillər isə daha çox 3-cü zonanın payına düşür. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: