Bakıda Longines butiki açıldı
02 Dekabr 2009 Çərşənbə 21:00
Bakıda Longines butiki açıldı. Butikin açılışında şirkətin prezidenti Valter Fon Könel də iştirak edib.
11 ildir ki, gözəl saat və aksessuarların Azərbaycandakı təmsilçisi olan VMF şirkəti bir addım da irəliləyib. Artıq "Longines" saat markasını təqdim edəcək butik saatsevərlərin ixtiyarınıza verilib.
Vaxtı ilə fəaliyyətini tanınmış "Longines" saat markası ilə əməkdaşlıqdan başlayan VMF 11 ildir ki, "Longines" şirkətini Azərbaycanda təmsil edir. Son dərəcə eleqant, dəqiq və etibarlı mexanizmə görə, "Longines" bütün dünyada olduğu kimi Azərbaycanda da sevilir və böyük rəgbətlə qarşılanır.
2 dekabr "Longines" saatlarının gözəlliyini anlayan hər bir kəs üçün bayram günü hesab oluna bilər. Çünki məhz bu gün paytaxtımızda ilk dəfə olaraq "Longines" butikinin qapıları alıcıların üzünə açılıb. Bununla əlaqədar "Longines" şirkətinin prezidenti Valter Fon Könel digər nümayəndələrlə birgə İsveçrədən Bakıya təşrif buyurub.
İsveçrənin fəxri hesab olunan saatlardan biri məhz "Longines"dir. Bu saatların tarixçəsi 1832-ci ildən başlayır. Ticarət markası kimi ilk dəfə olaraq "Longines" 1889-cu ildə qeydiyyatdan keçib. Bu illər ırzində "Longines" dəfələrlə beynəlxalq sərgilərdə və saat şirkətləri arasında keçirilən müsabiqələrin qalibi olub, 10 Qran-Pri mükafatı və 28 qızıl medala layiq görülüb. Bundan əlavə 1960-cı illərdə İsvecrənin fəxri zinət əşyaları sahəsində "Diamond Award" nüfuzlu mükafatın 4-qat sahibi olub.
Vaxt ötdükcə və dəb dəyişdikcə, "Longines" saatlarının görünüşü də bir neçə dəfə dəyişib. Cib saatlarından qol saatına çevrilən "Longines" hər zaman öz elaqant görünüşü ilə seçilib.
Məhz bu şirkət 1905-ci ildə qol saatlarının seriyalı buraxılışına başlayıb. 1912-ci ildən başlayaraq isə "Longines" novatorluğu boynuna alıb. Bu dəfə dairəvi saatların deyil, düzbucaqlı, dördbucaq və kəpənək şəklində saat istehsal etməyə başlayıb.
1960-cı ildə şirkət ən nazik kvars saatını, 1979-cu ildə isə 2 mm-lik maneəni aşaraq 1.98 mm. qalınlığında saat istehsal etməklə rekord vurub və 1983-cü ildə qadınlar üçün 1.75 mm-lik mexanizm yaradıb. Amma buna baxmayaraq, "Longines" şirkəti heç vaxt öz tarixini unutmur və hər zaman keçmişə boylanaraq hər hansı bir elementi məhz oradan götürüb istifadə edir.
Bir çoxları bu şirkəti Olimpiya oyunlarının rəsmi xronometri kimi tanıyır. 1989-cu ildən "Longines" Beynəlxalq Gimnastika Federasiyasının rəsmi tərəfdaşı və xronometristidir. Onu da qeyd edək ki, bir çox məşhur insanlar bu saat markasının reklam simalarıdır. Onların arasında Bədii Gimnastika üzrə Azərbaycanın 4 qat çempionu Dinara Gimatova, tanınmış hind aktrisası və fotomodeli Aişvarya Ray, Rusiyanın xalq artisti Oleq Menşikov və digər tanınmış şəxlər var. ANSPRESS
Qeyd edək ki, butikin rəsmi açılışından sonra bu xoş hadisə ilə əlaqədar olaraq Azərbaycan Dövlət Opera və Balet Teatrında "Min bir gecə" baleti nümayış olunub.
DOSTLARINLA PAYLAŞ: