Bakıda III Beynəlxalq Bank Konfransı keçirilir
21 Oktyabr 2010 Cümə Axşamı 11:15
Bu gün Bakıda “Maliyyə institutları MDB iştirakçı dövlətlərinin iqtisadiyyatlarının struktur modernləşdirilməsinin əsasıdır” mövzusunda MDB-yə üzv dövlətlərin III Bakı Beynəlxalq Bank Konfransı işə başlayıb.
“APA-ECONOMICS”in xəbərinə görə, Azərbaycan və MDB ölkələrinin bankirləri, MDB Maliyyə-Bank Şurasının nümayəndələrindən ibarət 180 iştirakçısı olan konfransın əsas mövzusu MDB məkanında maliyyə və bank sahəsində əməkdaşlıq və təcrübə mübadiləsidir.

Konfransın açılışında çıxış edən Azərbaycan Beynəlxalq Bankı (ABB) İdarə Heyətinin sədri, MDB Maliyyə-Bank Şurasının I vitse-prezidenti Cahangir Hacıyev bildirib ki, böhrandan sonrakı dövrdə keçirilən konfransın əhəmiyyəti çox böyükdür: “Böhrandan sonrakı dövrdə maliyyə institutlarının təcrübə mübadiləsi vacibdir”. C.Hacıyev Azərbaycan iqtisadiyyatının cari vəziyyəti barədə danışaraq, beynəlxalq maliyyə institutları, o cümlədən Dünya Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən onun yüksək qiymətləndirildiyini qeyd edib.

Bank sahəsi barədə danışan C.Hacıyev qeyd edib ki, iqtisadiyyatın modernləşdirilməsinin əsası olan bu sektorda son illərdə həm keyfiyyət, həm də kəmiyyət baxımından yüksək inkişaf müşahidə olunur: “Eyni zamanda burada həll olunmalı problemlər də var ki, bu sahədə təcrübə mübadiləsi çox əhəmiyyətli olacaq”. C.Hacıyev həmçinin başçılıq etdiyi ABB-nin nailiyyətləri, onun fəaliyyətinin beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilməsi, bankın Cənubi Qafqazda aparıcı rol oynamasından söz açıb.

MDB İcraiyyə Komitəsinin sədr müavini E.Novojilov öz çıxışında vurğulayıb ki, böhrandan sonrakı dövrdə iqtisadiyyatların modernləşdirilməsinin əhəmiyyətli olduğu aşkar olunub və bu sahədə bank sektoru aparıcı rol oynamalıdır. Bu sahədə əsas amillərdən biri kimi bankların kreditləşməsinin diversifikasiyasını qeyd edən E.Novojilov deyib ki, MDB çərçivəsində iqtisadiyyatların modernləşdirilməsi bütün səviyyələrdə müzakirə olunur.

Konfransın açılışında həmçinin MDB Maliyyə-Bank Şurasının rəsmiləri, MDB-nin iri banklarının rəhbərləri çıxış ediblər.

Qeyd edək ki, APA İnformasiya Agentliyi konfransın informasiya partnyorudur. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar