Bu gün Avstriyanın Ştiriya Federal Əyalət Parlamentinin sədri Ziqfrid Şrittvizerin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakıda Azərbaycan-Avstriya biznes-forumu keçirilir.
«
APA-ECONOMICS»in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev Azərbaycan-Avstriya əməkdaşlığı haqqında məlumat verib. S.Vəliyev qeyd edib ki, ötən il ərzində iki ölkə arasında ticarət dövriyyəsi 73 mln. ABŞ dolları təşkil edib və bu, 2007-ci illə müqayisədə 49,3% çoxdur. Belə ki, hesabat ilində ixrac 3,5%, idxal isə 51,8% artıb.
Azərbaycanın iqtisadi inkişafından danışan S.Vəliyev həmçinin bildirib ki, son 5 il ərzində ölkədə ÜDM 2,6 dəfə, sənaye istehsalı 2,5 dəfə artıb, əhalinin yoxsulluq səviyyəsi isə 13,2%-ə düşüb.
«Hazırda Azərbaycan 140 ölkə ilə ticarət əməliyyatları həyata keçirir. Bunun nəticəsi olaraq, ötən il ərzində xarici ticarət dövriyyəsi 55 mlrd. dollar təşkil edib», - deyə S.Vəliyev qeyd edib.
Tədbirdə çıxış edən Z.Şrittvizer bildirib ki, Ştiriya Federal Əyalətindən Azərbaycana kənd təsərrüfatı, turizm, energetika və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri gəlib. Biznes-forumun iki ölkə arasında yeni əlaqələrin yaradılmasına səbəb olacağına ümid etdiyini deyən Z.Şrittvizer həmçinin qeyd edib ki, Avstriya Azərbaycanla əlaqələrin daha da yaxşılaşmasına gücünü əsirgəməyəcək.
Qeyd edək ki, biznes-forumda Avstriyadan 12, Azərbaycandan isə 30-dan artıq şirkət nümayəndələri iştirak edirlər. Tədbir çərçivəsində iki ölkənin iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.