Bakıda beynəlxalq bank konfransı baş tutacaq
26 Avqust 2010 Cümə Axşamı 17:20
Konfransda Azərbaycanın maliyyə-iqtisadi inkişafı prosesinə xüsusi diqqət yetiriləcək.
MDB-nin Maliyyə-Bank Şurası və Azərbaycan Beynəlxalq Bankı 2010-cu ilin oktyabr ayının 20-23-də Bakıda “Maliyyə institutları – MBD ölkələrinin iqtisadiyyatlarının struktur modernləşməsinin əsası” adı altında III Beynəlxalq Konfrans keçirəcək. Tədbir MDB-nin İcraçı Komitəsinin dəstəyi ilə təşkil olunur.

Konfransın Təşkilat Komitəsindən verilən məlumata görə, konfransda MDB məkanında struktur modernləşməsinin maliyyələşdirilməsində beynəlxalq və regional fondların rolu, birgə və transsərhəd layihələrin reallaşmasının əlaqələndirilməsi və digər məsələlər müzakirə olunacaq.

Konfransda Xəzəryanı regionda struktur modernləşməsinin vacib komponenti olan Azərbaycanın maliyyə-iqtisadi inkişafı prosesinə xüsusi diqqət yetiriləcək.

Toplantıda Azərbaycan baş nazirin birinci müavini Yaqub Eyyubov, MDB İcraçı Komitəsinin sədri S.Lebedyev, Rusiyanın maliyyə naziri A.Kudrin, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri E.Rüstəmov, “Qazaxıstanın Xalq Bankı” İdarə Heyətinin sədri Q.Marçenko, Rusiya Bankı İdarə Heyətinin sədrinin birinci müavini Q.Luntovski, “VTB Bank”ın İdarə Heyətinin sədri A.Kostin, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri C.Hacıyev, Rusiya nəqliyyat nazirinin müavini S.Aristov, Avropa İnvestisiya Bankının departament direktoru F.Şimçak, Ukraynanın iqtisadiyyat nazirinin müavini V.Muntiyan, “Vneşekonombank”ın sədri V.Dmitriyev, Rusiya Sahibkarlar və İstehsalçılar İttifaqının vitse-prezidenti A.Murıçev, Avrasiya İnkişaf Bankı İdarə Heyətinin sədri İ.Finoqenov, Rusiya İqtisadi İnkişaf Nazirliyinin departament direktoru S.Çernışov, MDB İqtisadi Məhkəməsinin sədri F.Abdulloyev, “Belarusbank”ın İdarə Heyəti sədrinin birinci müavini S.Pisarik, Tacikistanın «Aqroinvestbank»ın İdarə Heyətinin sədri N.Saidmurodov, Qazaxıstanın “Qazpoçta” SC-nin İdarə Heyətinin sədri D.Moldaqaliyevin iştirakı gözlənilir.

Bundan başqa, Azərbaycan və MDB-nin hökumət strukturlarının rəhbərləri, bank və sahibkarlıq nümayəndələri də forumda iştirak edəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar