“Azərnəqliyyatbank” “Expressbank” oldu
18 Mart 2010 Cümə Axşamı 13:00
Azərbaycanda daha bir bank brendini dəyişdi. “Azərnəqliyyatbank” “Expressbank” oldu.
Səhmdarların ümumi yığıncağının qərarına əsasən və yeni strategiyaya uyğun olaraq, “Azərnəqliyyatbank” ASC yeni brend siyasətinin həyata keçirilməsinə başlayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu prosesin nəticəsi olaraq bank adını “Expressbank” ASC-yə dəyişib və 5 mart 2010-cu il tarixində yeni brend altında qeydiyyatdan keçib. Bununla bağlı digər hüquqi prosedurlar yaxın günlərdə başa çatdırılacaq.
Brendin dəyişilməsi bankın, brendlərin hazırlanması və tətbiqi sahəsində dünyada aprıcı şirkətlərdən biri olan “McCann Erickson”la birgə effektiv əməkdaşlığı nəticəsində mümkün olub. Bankın yeni brendi, onun strateji baxışının, söykəndiyi mühüm dəyərlərin və qarşıya qoyduğu ambissiyaların yığcam təcəssümü olaraq öz müştərilərinə bir çağırışıdır.
Bank, 2009-cu ilin sonunda yeni baxış və missiya hesabatını strateji planla birlikdə səhmdarların müzakirəsinə təqdim edib. Yeni baxışa uyğun olaraq bank korporativ və riteyl yönümlü olaraq, yeni bank texnologiyalarından istifadə etməklə, müştərilərinə keyfiyyətli xidmət təklif edəcək. Yeni strategiyanın hazırlanması zamanı dünyada baş vermiş maliyyə böhranının nəticələri, risk amillərinin yenidən qiymətləndirilməsi, səhmdarların baxışları və maliyyə sektorunda olan son meyllər nəzərə alınıb.
Bununla belə, bank, daim müştəri xidmətinin keyfiyyət, sürət, rahatlıq baxımından inkişaf etdirilməsi üzərində işləyir və müştəri məmnunluğu bankın əsas məqsədlərindən biri hesab edilir. Bankın təklif etdiyi kredit və depozit məhsulları bazarda rəqabətliliyi ilə fərqlənir və gələcəkdə yeni məhsulların işlənib təqdim ediləcəyi nəzərdə tutulur.
“Expressbank” ASC maliyyə institutları, banklar və digər fondlarla da hərtərəfli əməkdaşlıq əlaqələrini genişləndirir. Belə ki, hazırda bank bir neçə xarici banklar və maliyyə institutları ilə danışıqlar aparır və bu sahədə əməliyyatlarını genişləndirmək niyyətindədir. Bank artıq Visa beynəlxalq ödəniş sisteminə üzv olub, Master Card ödəniş sistemilə isə üzvlük haqqında danışıqlar gedir.
Qeyd edək ki, “Azənəqliyyatbank” 1989-cu ildən fəaliyyət göstərib. Mart ayının 5-nə olan tarixə görə, bankın aktivləri 93,860.52 min manat, kredit portfeli 27,290.84 min manat, məcmu kapitalı isə 27,301.65 min manat olub. Bu günə bankın ölkə üzrə 8 filialı fəaliyyət göstərir ki, onlardan 6-sı rayonlardadır. Bankın səhmdarları yerli hüquqi və fiziki şəxslərdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: