“Azərdəmiryolbank” “DəmirBank” oldu
02 Oktyabr 2009 Cümə 15:25
“Azərdəmiryolbank” bundan sonra “DəmirBank” adlanacaq. Bu, müştərilər və tərəfdaşlarla bağlanan müqavilə və sənədlərə təsir etməyəcək
“Azərdəmiryolbank”ın adının yaxın vaxtlarda dəyişdirilməsi nəzərdə tutulur. Bankdan ANS PRESS-ə verilən məlumata görə, səhmdarların ümumi yığıncağında “Azərdəmiryolbank” adının “DəmirBank” ilə əvəzlənməsi və bununla bağlı zəruri hüquqi prosedurların həyata keçirilməsi qərara alınıb.

Səhmdarların ümumi yığıncağında çıxış edən bankın müşahidə şurasının sədri Rəhman Hacıyev “Azərdəmiryolbank”ın 20 il öncə 1989-cu ilin oktyabr ayında fəaliyyətə başladığını, bu illər ərzində bir çox mühüm nailiyyətlər əldə etdiyini və ölkənin aparıcı banklarından birinə çevrildiyini bildirib. Bankın gələcək inkişafı üçün bankın adının dəyişdirilməsi zərurəti olduğunu bildirib. “DəmirBank” adının “Azərdəmiryolbank” adı ilə bağlı olması və beləliklə bankın 20 illik tarixinin saxlanması xüsusi vurğulanıb.

İdarə Heyətinin sədr müavini Yusif Cabbarov ölkənin bank sektorunda artan rəqabət şəraitində “güclü brend” amilinin daha da mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Bankın adının dəyişdirilməsi ilə bağlı bir çox müzakirələr aparıldığını, eləcə də geniş ictimaiyyətin və peşəkar reklam şirkətlərinin fikirlərinin də öyrənildiyi bildirilib. Keçirilən tender nəticəsində hazırkı loqotipin bir sıra elementləri əsas götürülməklə bankın yeni loqotipi hazırlanıb. Brendin gücləndirilməsi ilə bağlı proqramın hazırlandığını və onun həyata keçirilməsinə başlandığını bildirən Y.Cabbarov yeni brendin bankın inkişafına müsbət təsir edəcəyini əsaslandırib.

“Azərdəmiryolbank” bir sıra hüquqi prosedurlar həyata keçirildikdən sonra “DəmirBank” adlanacaq. Adın dəyişdirilməsi bankın müştərilər və tərəfdaşlarla bağladığı müqavilə və sənədlərə təsir etməyəcək. İmzalanmış bütün müqavilə və sənədlər öz hüquqi qüvvəsini saxlayır.

Qeyd edək ki, ölkənin ilk banklarından olan “Azərdəmiryolbank” 20 il əvvəl 1989-cu ilin oktyabr ayında fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) kimi beynəlxalq maliyyə təşkilatları da daxildir.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar