Azərbaycanla Çinlə iqtisadi əməkdaşlığı genişləndirir
11 İyul 2011 Bazar Ertəsi 16:27
Bu gün Azərbaycan və Sincan Uyğur Muxtar Rayonu arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupun 1-ci iclası keçirilib.
Bu gün Azərbaycan Respublikası və Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonu arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupun 1-ci iclası keçirilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iclasda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkə iqtisadiyyatı, aparılan islahatlar və əldə olunmuş uğurlar barədə ətraflı məlumat verib.

Onun sözlərinə görə, bu iclas Azərbaycanla Çinin regionları arasında əlaqələrin möhkəmlənməsinə şərait yaradacaq. Çinlə Azərbaycan arasında ticarət dövriyyəsinin 1 milyard dollardan artıq olduğunu bildirən N. Səfərov deyib ki, bunun 1/3- i - 350 milyon dolları Sincan Uyğur Muxtar Rayonunun payına düşür.

Sincan Uyğur Muxtar Rayonunun Partiya Komitəsinin sədr müavini Hu Vei isə təmsil etdiyi regionla Azərbaycan arasında sıx ticarət əlaqələrinin olduğunu diqqətə çatdırıb, ölkəsinin Azərbaycanla əlaqələrinin daha da genişlənməsində maraqlı olduğunu vurğulayıb və bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib. O bildirib ki, İşçi Qrupun yaradılması ikitərəfli iqtisadi əlaqələrin inkişafı, şirkətlər arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İclasda Azərbaycan və Sincan Uyğur Muxtar Rayonu arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

İclasın sonunda Azərbaycan Respublikası və Sincan Uyğur Muxtar Rayonu arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupun 1-ci iclasının Protokolu imzalanıb. Protokolda ticarət, investisiya, enerji, kənd təsərrüfatı, nəqliyyat, gömrük, maliyyə, turizm, səhiyyə, həmçinin regional əməkdaşlığın inkişafı sahələrində əlaqələrin genişləndirilməsi və. s əksini tapıb. İşçi Qrupun 2-ci iclasının 2013-cü ilin birinci yarısında Urumçi şəhərində keçirilməsi barədə razılığa gəlinib.

Qeyd edək ki, Azərbaycan Respublikası və Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonu arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupu Azərbaycan-Çin Hökumətlərarası Komissiyasının qərarına uyğun olaraq yaradılıb. İşçi Qrupunun bu gün keçirilən 1-ci iclası Azərbaycan-Çin Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq xarakteri daşıyır.

Tədbir ikitərəfli görüşlərlə davam edib. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar