Azərbaycanın xarici dövlət borcu artıb
24 May 2010 Bazar Ertəsi 14:45
Ölkəmizin xarici dövlət borcunun həcmi 3 440,3 milyon ABŞ dolları təşkil edib .
Azərbaycanın xarici dövlət borcunun həcmi bu ilin aprel ayının 1-nə 3 440,3 milyon ABŞ dolları təşkil edib. Bu da ilin əvvəlinə olan analoji göstərici ilə müqayisədə 0,5 faiz çoxdur. Xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti isə 8 faizə bərabər olub.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 1-i vəziyyətinə istifadə olunmuş kreditlər üzrə adambaşına düşən xarici borc 381,3 dollar təşkil edib.

Hökumət və dövlət qurumları tərəfindən cəlb olunan kreditlərin əsas hissəsi investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı olub. Belə ki, bu cür kreditlərin həcmi 3 126,38 milyon dollar və ya ümumi xarici borcun 90,88 faizini təşkil edib. Həmin məbləğin 39,69 faizi və yaxud 1 365,44 milyon dolları elektrik enerjisi sektoruna, 3,65 faizi (125,56 milyon dollar) kənd təsərrüfatı, 26,55 faizi (913,1 milyon dollar) yol tikintisi və nəqliyyat, 8,95 faizi (307,98 milyon dollar) su təchizatı və meliorasiya, 5,78 faizi (198,93 milyon dollar) neft, qaz və kimya, 4,37 faizi (150,27 milyon dollar) sosial, 1,89 faizi isə (65,11 milyon dollar) digər sahələrdə layihələrin maliyyələşdirilməsinə sərf olunub.

İqtisadi islahatlara yönəldilən xarici kreditlərin məbləği isə 313,91 milyon dollar (xarici borcun 9,12 faizi) təşkil edib. Bu məbləğin 256,37 milyon dolları (7,45 faizi) Dünya Bankı, 57,54 milyon dolları isə (1,67 faizi) Beynəlxalq Valyuta Fondu tərəfindən ayrılıb.

Ümumiyyətlə, bu il istifadə edilən kreditlərin həcmi aprelin 1-i vəziyyətinə 154,3 milyon dollar təşkil edib. Bununla yanaşı, 2010-cu ilin I rübü ərzində xarici borca xidmətlə əlaqədar xərclərin həcmi 39,3 milyon dollar təşkil edib ki, bunun 31 milyon dolları əsas borc, 8,3 milyon dolları isə hesablanmış faizlərin payına düşüb.

Qeyd edək ki, I rüb ərzində xarici borca xidmətlə əlaqədar ödənilmiş vəsaitin 20,9 milyon dolları dövlət büdcəsi hesabına həyata keçirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar