Azərbaycanın dövlət büdcəsinin xərcləri son bir ildə 2,3% azalıb
14 İyul 2010 Çərşənbə 15:00
Azərbaycanda bu ilin altı ayında dövlət büdcəsinin xərcləri 4,277 mlrd. manat və ya 87,5% səviyyəsində icra olunub.
“APA-ECONOMICS”in məlumatına görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qeyd edib.
Nazirin sözlərinə görə, hesabat dövründə ötən ilin müvafiq dövrünə nisbətən dövlət büdcəsindən sosial müdafiə və sosial təminat xərclərinə 14,8%, kənd təsərrüfatı xərclərinə 9,2%, mənzil-kommunal təsərrüfatı xərclərinə 8,8%, müdafiə xərclərinə 4,5%, mədəniyyət xərclərinə 8,8%, iqtisadi fəaliyyətlə bağlı xərclərə 2,3%, səhiyyə xərclərinə 0,4% çox vəsait yönəldilib.
Hesabat dövründə icra olunmuş dövlət büdcəsi xərclərinin 1,363 mlrd. manatı və ya 27,7%-i sosial yönümlü tədbirlərin (elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət xərcləri) maliyyə təminatına yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 83 mln. manat və ya 6,5% çoxdur.
Dövlət rəsmisi onu da bildirib ki, bu ilin altı ayında icmal büdcənin gəlirləri 8,907 mlrd. manat, xərcləri 4,694 mlrd. manat icra olunub, icmal büdcədə 4,213 mlrd. manat profisit yaranıb.
Qeyd edək ki, ötən ilin analoji dövrü ilə müqayisədə dövlət büdcəsinin xərcləri 2,3% azalıb. APA
DOSTLARINLA PAYLAŞ: