Azərbaycanda yağ və marqarin zavodu açılacaq
23 Noyabr 2011 Çərşənbə 12:28
Azərbaycanda yağ və marqarin zavodu açılacaq. Zavodun illik istehsal gücü 180 min ton təşkil edəcək.
Azərbaycanda yağ və marqarin istehsalı zavodunun 2011-ci ilin sonuna kimi işə salınması planlaşdırılır. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev gələn il üçün dövlət büdcəsi layihəsinin parlament tərəfindən müzakirəsi zamanı bildirib.

"Zavodun illik istehsal gücü 180 min ton təşkil edəcək", - deyə Ş.Mustafayev qeyd edib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda daha bir neçə istehsal müəssisəsi tikilir. Bunlar illik gücü 30 min ton əhəngdaşı, 3,5 mln. kvadratmetr keramik plitə istehsalı üzrə zavodlardır. "Bu zavodların tikintisi Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kreditlər hesabına aparılır", - deyə o əlavə edib.

Ş.Mustafayev vurğulayıb ki, respublikada SKMF-in güzəştli kreditlərinin hesabına taxıl anbarları, soyuducu anbar kompleksləri, istixana komplekslərinin tikintisi davam edir. "SKMF 33 soyuducu anbar kompleksinin (ümumi həcm 118 min ton) tikintisini maliyyələşdirir. Onlardan 18 kompleks artıq işə salınıb, qalan 15 kompleks gələn il istifadəyə veriləcək. Bundan başqa, 2012-ci ildə 11 istixana kompleksi istismara veriləcək", - nazir qeyd edib.

SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 38 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2010-cu ildə fond 115 mln. manat məbləğində güzəştli kredit verib. 2011-ci ildə fond sahibkarlara 138 mln. manat məbləğində güzəştli kreditin verilməsini planlaşdırır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar