Azərbaycanda pensiya artırıla bilər
04 May 2011 Çərşənbə 17:35
Səlim Müslümov: “Amma artımın nə qədər olacağı bilinmir”.
Dövlət Sosial Müdafiə Fondu (DSMF) prezidentin tapşırığı əsasında əvvəllər pensiyaya çıxmış şəxslərin müavinətlərinin yeni qaydalarla yenidən hesablanması prosesinə start verib. DSMF sədri Səlim Müslümovun sözlərinə görə, DSMF artıq müvafiq qanunvericilik aktına, yəni “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi hazırlayıb və hökumətlə razılaşdıraraq dövlət başçısına təqdim edib. Bu günlərdə həmin sənədin parlamentə göndərilməsi gözlənilir.

O bildirib ki, layihənin illik maliyyə tutumu 390 milyon manatdır: “Dəyişikliklərin ilin ikinci yarısından qüvvəyə minməsi gözlənilir. Ona görə də bu il pensiyaların artımına 195 milyon manat xərclənəcək və bu, büdcəyə gözlənilən dəyişikliklərdə nəzərə alınacaq”.

DSMF sədri deyib ki, təkrar hesablama zamanı pensiyalar yalnız artım istiqamətində dəyişiləcək. Yəni pensiyası azalmalı olan şəxslərin müavinətləri azaldılmayacaq, olduğu kimi saxlanılacaq: “Azərbaycanda minimum pensiya da artırıla bilər, amma artımın nə qədər olacağı bilinmir. Çünki müxtəlif variantlar nəzərdən keçirilir və qərar verilərkən bütün parametrlər, o cümlədən dövriyyədə olan pul kütləsinin həcmi və inflyasiya göstəriciləri nəzərə alınacaq”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar