Azərbaycanda ixrac idxalı üstələyib
15 Fevral 2011 Çərşənbə Axşamı 04:12
Azərbaycana idxal olunan malların böyük əksəriyəti uzaq xarici dbvlətlərdən daxil olub
2010-cu ildə Azərbaycanın hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 27,9 milyard dollar məbləğində ticarət əməliyyatları aparıblar. Dövlət Statistika Komitəsinin məlumatına görə, əmtəə dövriyyəsinin 76,4 faizini və ya 21,3 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 23,6 faizini (6,6 milyard dollarını) isə idxal məhsulları təşkil edib, 14,7 milyard dollar məbləğində müsbət saldo yaranıb. Əmtəə mübadiləsinin 85,6 faizi və ya 23,9 milyard dollarlığı uzaq xarici dövlətlərlə, 14,4 faizi (4,0 milyard dolları) MDB üzvü ölkələri ilə aparılıb.
Ölkəmizə idxal olunmuş malların 68,9 faizi və ya 4,6 milyard dolları uzaq xarici dövlətlərdən, 31,1 faizi (2,0 milyard dolları) MDB üzvü ölkələrindən daxil olub. Ölkəmizə gətirilmiş malların 28,8 faizini maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar, aparaturalar, 12,1 faizini quru yol nəqliyyat vasitələri, uçan aparatlar, üzən nəqliyyatı vasitələri, 14,0 faizini azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, 9,3 faizini hazır ərzaq məhsulları, spirtli və spirtsiz içkilər, sirkə, tütün, 6,6 faizini kimya sənayesi məhsulları, 6,6 faizini bitki mənşəli məhsullar və s. təşkil edib.
Ölkədən ixrac edilmiş malların 90,7 faizi, yaxud 19,3 milyard dolları uzaq xarici dövlətlərə, 9,3 faizi (2,0 milyard dolları) isə MDB üzvü ölkələrinə göndərilib. Xarici ölkələrə göndərilmiş malların içərisində mineral məhsullar üstünlük təşkil edib. Bundan başqa, ölkədən bitki mənşəli məhsullar, ərzaq, kimya məhsulları, azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, quru yol nəqliyyat vasitələri, uçan aparatlar, üzən nəqliyyat vasitələri və s. ixrac olunub.
Əmtəə mübadiləsinin 58,0 faizi Avropa, 32,0 faizi Asiya, 8,6 faizi Amerika, 1,2 faizi Afrika ölkələri, 0,2 faizi Okeaniya ilə aparılıb. İtaliya, Fransa, Rusiya, İsrail, ABŞ, Ukrayna, Türkiyə, Çin, Xorvatiya, İndoneziya, Malayziya, Sinqapur, Almaniya, və Gürcüstan ilə ticarət əlaqələri daha geniş olub.
2010-cu ildə ölkəmizə 32,8 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olub.
DOSTLARINLA PAYLAŞ: